×
A
A
A
Sazlamalar

Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə son bir ayda 832 nəfər müraciət edib

Bakı, 30 dekabr, AZƏRTAC

Son bir ayda icbari tibbi sığorta çərçivəsində Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə 832 nəfər müraciət edib. Müraciət edənlərdən 132 nəfər stasionar, 700 nəfər isə ambulator müalicə alıb.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Travmatologiya şöbəsində stasionar müalicə üçün 70 çarpayı mövcuddur. Hazırda bu şöbədə 42 tibb işçisi fəaliyyət göstərir. Onlardan 6-sı həkim, 20-si tibb bacısı, 16-sı kiçik tibb işçisidir.
Şöbənin həkimləri tərəfindən çiyin qurşağı, bazu, dirsək, bilək, əl, çanaq, bud, diz, baldır, ayaq sümüklərinin sınıq və çıxıqlarının müalicəsi, kilidli intramedulyar, ekstrakortikal cərrahi əməliyyatları, İlizarov aparatı ilə, endoprotezləşmə, artroskopiya və digər cərrahi əməliyyatları aparılır. Eyni zamanda ətrafların anadangəlmə, qazanılmış, postravmatik deformasiyaların cərrahi müalicəsi müvəffəqiyyətlə həyata keçirilir. Artroz və artritlərin konservativ müalicəsi icra olunur.
Məlumat üçün bildirilib ki, digər şöbələrdə olduğu kimi burada da xəstəliklərin müayinəsi və müalicəsi ilə bağlı xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfində mövcuddur. Bu xidmətlərdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər.

 

Səhiyyə 2022-12-30 11:09:00