×
A
A
A
Sazlamalar

“Azərpoçt” “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olub

Bakı, 29 dekabr, AZƏRTAC

Yenilənmə və rəqəmsallaşma mərhələsinə keçid edən “Azərpoçt” MMC “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, bununla da “Azərpoçt”un POS-terminal istifadə olunan bütün şöbə və filiallarında “Mastercard” sahibləri ilə yanaşı, “VISA” kart sahibləri nağdsız ödənişlər edə biləcəklər.
Eyni zamanda, “Azərpoçt”a kart emissiyası, kart qəbulu, pulköçürmələr və elektron kommersiya üzrə lisenziyalar verilib. Bu da öz növbəsində fiziki və hüquqi şəxslərin qurumdan kart xidmətləri sahəsində tam funksional şəkildə faydalanmasına imkan yaradacaq.
Poçt əməliyyatları zamanı şəffaflığın təmin edilməsi üçün “Azərpoçt” Bakının bütün poçt şöbələri daxil olmaqla, ölkə üzrə 500-dən artıq poçt şöbəsində POS-terminal quraşdırıb.
MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətləri təqdim edir.

İKT 2022-12-29 18:00:00