×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383; 2020, № 5, maddə 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1438; 2021, № 11, maddə 1204, № 12, maddə 1315) 334-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 334. Digər vəsaitlər

334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin (bundan sonra – vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və aşağıdakı məqsədlərə sərf edilir:
334.1.1. müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;
334.1.2. dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;
334.1.3. gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə.
334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür.
334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.

 



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il

Qanunlar 2022-12-28 19:16:00