×
A
A
A
Sazlamalar

® “Silk Way West Airlines” Qırğızıstandan Azərbaycana 100 yakın təhlükəsiz daşınmasını təmin edib

Vəhşi təbiətin reintroduksiyası layihəsi çərçivəsində “Silk Way West Airlines” Qırğızıstandan Azərbaycana 2000 kilometrdən çox məsafəyə 100 yakın daşınmasını təmin edib.

Sürü hava nəqliyyatı üzrə mütəxəssislər tərəfindən Bişkek Manas Beynəlxalq Hava Limanından Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırılıb. Bu heyvanların daşınması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında həyata keçirilən ciddi bir öhdəlik idi və aviaşirkət onu uğurla icra etdi. Aviaşirkətin ekipajının və yükləmə üzrə peşəkarların canlı heyvanların daşınmasında olan illərin təcrübəsi sayəsində yakların hamısı təhlükəsiz şəkildə təyinat yerinə daşınmış və daha sonra hava limanından yük maşınları ilə yeni otlaqlarına çatdırılıblar.
“Silk Way West Airlines” bütün IATA qaydalarına uyğun olaraq keçmişdə çoxsaylı canlı heyvan daşımalarını uğurla həyata keçirib. Daşıyıcının zəngin təcrübəsi özündə alpakaların, kenquruların, itlərin, atların və Avropa bizonlarının daşınmasını ehtiva edir.
“Silk Way West Airlines” təyyarələrinin havalandırma və temperatur nəzarət sistemləri sayəsində heyvan sərnişinləri mükəmməl havalandırılan mühitlə təmin olunur. Yaklar uçuş zamanı hər hansı zədə riskinə məruz qalmamaları üçün xüsusi qəfəslərdə daşınıb və səyahətboyu təhlükəsiz uçuşu təmin etmək üçün baytar həkimlərin ciddi nəzarətində olublar.
“Biz bütün dünyada davamlı və biomüxtəlif ətraf mühitin qorunmasına töhfə verən bu kimi layihələrdə iştirak etməkdən qürur duyuruq. Təcrübəli ekipajımız və onu müşayiət edən baytarlar sayəsində biz yakları təhlükəsiz şəkildə Azərbaycanda yeni evlərinə daşıya bildik. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə işimizə göstərdikləri etimada görə təşəkkür edirik”, - deyə “Silk Way West Airlines” aviaşirkətinin MDB və Mərkəzi Asiya üzrə vitse-prezidenti Vüqar Məmmədov bildirib.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün bu il noyabrın 10-da müqavilə imzalayıb. Həmçinin cari il iyunun 28-də “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Nəqliyyat 2022-12-28 15:32:00