×
A
A
A
Sazlamalar

Tikintiyə icazələrin verilməsi indikatoru üzrə növbəti ilin Yol Xəritəsi müzakirə olunub

Bakı, 27 dekabr, AZƏRTAC

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə İşçi Qrupunun onlayn iclasında vurğulanıb ki, təqdim edilmiş sənəd Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsi çərçivəsində hazırlanıb.
Yol Xəritəsində şəhərsalma üzrə qaydaların təkmilləşdirilməsi, tikinti ilə əlaqədar icazələrin əldə olunmasında dövlət xidmətlərinin səmərəliliyinin artırılması və informasiya şəffaflığının təmin edilməsi məsələləri prioritet istiqamət olaraq götürülüb.
Həmçinin sənəddə şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun şəkildə tərtib olunması, “Yaşıl binalar” və “yaşıl tikinti” ilə bağlı norma və standartların müəyyən edilməsi, tikinti və istismar üçün icazələrin tam elektronlaşdırılmasının qanunvericilikdə təsbiti, Bina İnformasiya Modelləşdirilməsinə (BİM) keçidlə bağlı strategiyanın və dövlət vəsaiti hesabına inşa edilən obyektlərdə “BİM”in tətbiqinə dair təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar öz əksini tapıb.
İclasda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməsinin vacibliyi, bu məsələdə koordinasiyalı işin əhəmiyyəti vurğulanıb, İşçi Qrupun üzvləri tərəfindən həyata keçirilməli vəzifələrin bölgüsü aparılıb.
Qeyd olunub ki, “Tikintiyə icazələrin verilməsi” üzrə İşçi Qrupu Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın 19 İşçi Qrupundan biridir.

Tikinti̇ 2022-12-27 15:58:00