×
A
A
A
Sazlamalar

Yeni il süfrəsində qidalanmanın optimal rejiminə əməl olunmalıdır

Bakı, 27 dekabr, AZƏRTAC

Yeni ilə sağlam başlamağın bir yolu da bayram süfrəsindən keçir. Bayram süfrələrini paytaxt salatı, plov, şirniyyatlar olmadan təsəvvür etmək çətindir. İlk baxışdan gözəl və zəngin görünsə də, süfrəyə düzülən cürbəcür nemətlər nəfsi və iradəni qarşı-qarşıya qoyur. Lakin nəzərə almaq lazımdır ki, həmin qidaların əksəriyyəti orqanizmə ciddi ziyan vurur.
AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Aynur Həsənova deyib: “Bişmiş yeməklərin yaxşı həzm edilməsi məqsədilə daha çox təzə tərəvəzlərdən hazırlanmış salatlara üstünlük verilməsi məsləhətdir. Adətən bayram süfrələrində daha çox qızardılmış yeməklər üstünlük təşkil edir. Əslində sobada bişirilmiş ət, toyuq, hind quşu və balıq məhsullarının yeyilməsi daha yaxşı olar. Yemək və salatların hazırlanmasında mayonezlərdən çox istifadə olunur. Süfrədə ev şəraitində hazırlanmış mayonezlərdən istifadə və ya onun qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz edilməsi daha yaxşı olardı”.
Bayram günü yol verilən səhvlərdən biri də səhərdən axşamadək ac qalıb bayram süfrəsini gözləməkdir. Qida mütəxəssislərinin fikrincə, bunun üçün xüsusi rejim tətbiq olunmalı, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul edilməlidir.
“Bayram günlərində, ilk növbədə, qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Yəni, gün ərzində 2-3 saatdan müəyyən miqdarda qida qəbul edilməsi həm toxluq hissini təmin edir, həm də həddindən artıq çox qidalanmanın qarşısını alır. Digər məsələ isə balanslaşdırılmış qidalanmadır, yəni yemək və digər qidaları qarışdırmağa yol verilməməlidir”, - deyə qida mütəxəssisi bildirib.

Sağlamlıq klubu 2022-12-27 14:33:00