×
A
A
A
Sazlamalar

Ölkədə İKT sahəsində idarəetmə daha da təkmilləşdirilir

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycanda İKT sahəsində idarəetmə daha da təkmilləşdirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı 4 qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin dekabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərə uyğun olaraq hazırlanıb.
İKT-nin iqtisadiyyatın inkişafına təsirləri nöqteyi-nəzərindən hazırlanan qanun layihələri yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsinə, keyfiyyətinin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmininə xidmət edir.
Sənədlərdə İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi, ölkədə rəqəmsal inkişafın təşviq edilməsi, xarici investisiyaların, yüksəkixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi üçün nəzərdə tutulan güzəştlər öz əksini tapır.
Sənəddə təklif olunan dəyişikliklərin məqsədi ölkədə İKT sahəsinə həm daxili, həm də xarici sərmayələrin cəlb edilməsi, rəqabətədözümlü məhsulların yaradılması və ixrac edilməsi kimi hədəflərdir.
Vergi Məcəlləsində dəyişikliklərdə texnologiyalar parkından kənarda fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergiödəyicilərinə texnologiyalar parkının rezidenti statusunda vergi güzəştləri, maliyyə təşviq alətləri təklif olunur.
Qanun layihələri müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

İKT 2022-12-27 13:10:00