×
A
A
A
Sazlamalar

“CASCA+” marşrutu ilə Özbəkistandan Avropaya gedən ilk konteyner qatarı Bakıya çatıb

Bakı, 27 dekabr, AZƏRTAC

“Asiya-Sakit okean regionu ölkələri - Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan–Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu çərçivəsində yaradılan “CASCA+” multimodal nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Özbəkistandan Avropaya yola salınan konteyner blok qatarı Bakıya çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, konteynerlər Türkmənbaşı limanından Bakı limanına operatoru QSC-nin törəmə şirkəti  “ADY Konteyner” olan “Balkan” fider gəmisi vasitəsilə çatdırılıb.
Qeyd edək ki, konteyner qatarı uzunluğu 4000 kilometrdən çox olan “Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Bolqarıstan/Avropa” marşrutu üzrə hərəkət edəcək.
Mis konsentratı ilə yüklənmiş qatar Bakıdan Bolqarıstanın Burqas limanına göndəriləcək. Blok qatar hər biri 20 futluq olmaqla 91 konteynerdən ibarətdir.
Məlumat üçün bildirək ki, layihə marşrutun operatorları olan “Oztemiryolkonteyner” AC (Özbəkistan), TULM ASC (Türkmənistan), “ADY Konteyner” MMC (Azərbaycan) və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Multimodal nəqliyyat layihəsi olan “CASCA+” (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.

Nəqliyyat 2022-12-27 11:43:00