“Azərişıq” IT resurslarını “Hökumət buludu”na köçürür
Bakı, 27 dekabr, AZƏRTAC
“Azərişıq” ASC xidmətlərin əlçatanlığının və dayanıqlılığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na miqrasiya çərçivəsində IT sistem və resurslarını “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə köçürür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ASC-nin ilkin mərhələdə “Hökumət buludu”na miqrasiyanın təmin olunması məqsədilə İnfrastruktur (IaaS - İnfrastructure as a Service) və Rezervlənmə (BaaS - Backup as a Service) bulud xidmətlərini əldə etməsi üçün razılığa gəlinib.
Qurum informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər qazanıb.
Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün “Veeam” platforması ilə təmin olunub.
Bu platforma IT sistemlərini “AzInTelecom”a məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malik olan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” həyata keçirilir. Keçid planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb