×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyev Azərbaycanı kosmik ölkə kimi görürdü

Bakı, 26 dekabr, AZƏRTAC

Ölkəmiz tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insan həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub, Şərq elmi məktəbinin Nəsrəddin Tusi kimi dahi nümayəndələrini yetişdirib, bu sahədə elmi kitabxana və rəsədxanaların qurulmasına, fəaliyyətinə şahidlik edib.
Ötən əsrin 70-ci illərində keçmiş SSRİ məkanında artıq kosmonavtika sahəsində mühüm nailiyyətlər əldə edilmiş, ilk kosmonavtlar nəsli formalaşmış, Yerin və yerətrafı fəzanın tədqiqi ilə bağlı çoxsaylı müşahidələr aparılmışdı. Həmin dövrdə dünyada Yerin təbii ehtiyatlarının və ətraf mühitin vəziyyətinin kosmik vasitələrlə daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilirdi. Kosmik sahənin insanları hələ o zaman 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqreslərində kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə çağırışlar edirdilər.

Azərbaycan 49 il əvvəl 24-cü Astronavtika Konqresinə uğurla ev sahibliyi etdi

Milli kosmik sənayenin yaranması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasına başladı. Sovet cəmiyyətinin və kommunist ideologiyasının ən sərt dövrü olan həmin illərdə belə addımların atılması o qədər asan olmasa da, Ümummilli Lider Heydər Əliyev bunu məharətlə bacara bilmişdi. Ölkəmizdə ən müasir sənaye müəssisələrinin tikilməsinə, ali hərbi məktəbin açılmasına, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də Azərbaycanda beynəlxalq aləmdə tanınmasına nail ola bilmişdi. Məhz Ulu Öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl 1973-cü ilin oktyabrında ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir. “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu.
Konqresə hazırlıq mərhələsi və təşkilati işlər daim Ümummilli Liderin diqqətində olub. Konqresin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (KP MK) katibliyinin “Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Konqresinin Bakıda keçirilməsi üçün Respublika Təşkilat komitəsi haqqında” 1973-cü il 27 mart tarixli Qərarında deyilir: “Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Konqresinin keçirilməsi ilə bağlı təqdim etdiyi Respublika Təşkilat komitəsinin tərkibi təsdiq edilsin. Təşkilat komitəsinə tapşırılsın ki, Konqresin hazırlanması və keçirilməsi ilə bağlı konkret tədbirlər planını iyirmi gün ərzində hazırlasın və Azərbaycan KP MK-ya təqdim etsin”.
Hələ o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyi, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyi tarixi şəkil və sənədlərdə və öz əksini tapıb.
Təşkilat komitəsinin təsdiq edilmiş tərkibinə nəzər salırıq. On səkkiz nəfərlik bu heyətdə Azərbaycan elminin və ictimai-siyasi həyatının ən görkəmli simalarının adı var. Təşkilat komitəsinin sədri Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Elmlər Akademiyasının müxbir üzvü İsmayıl İbrahimov, müavini isə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev olub.
Konqreslə bağlı mühüm tarixi sənədlərlə tanış olarkən görürük ki, beynəlxalq tədbir çox yüksək səviyyədə keçirilmiş və onun uğurla başa çatması münasibətilə Azərbaycan rəhbərliyinə çoxlu minnətdarlıq məktubları ünvanlanmışdır.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitanonun Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 20 oktyabr tarixli təşəkkür məktubunda bildirib ki, Bakıda keçirilən konqresə o günə qədər baş tutan konqreslərlə müqayisədə rekord sayda iştirakçı cəlb edilib.
Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Stark Draper Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 6 noyabr tarixli təşəkkür məktubunda Ulu Öndərə Beynəlxalq Astronavtika Akademiyası adından dərin minnətdarlığını çatdırıb.
SSRİ Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik V.Kotelnikov Birinci katib Heydər Əliyevə ünvanladığı 1973-cü il 12 noyabr tarixli məktubunda qeyd edib ki, Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası, sovet alimləri və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Hətta, 24-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş geniş süjetli sənədli film - “Kosmonavtlar Bakıda” filmi çəkilib.

  

24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik tarixində silinməz izlər qoydu

Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin uğurla başa çatması respublikamızın bu sahədəki potensialına inamı xeyli artırdı. Məhz həmin inamdan irəli gələrək Ulu Öndər Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi - “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar verdi. Sözügedən elmi mərkəzin bazasında 1981-ci ildə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradıldı. 1992-ci ildə isə KTEİB-in bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradıldı.
1977-ci ildən etibarən mütəxəssislərimiz 10-dan çox keçmiş sosialist ölkəsini təmsil edən “İnterkosmos” təşkilatının fəaliyyəti çərçivəsində aparılan beynəlxalq tədbirlərin iştirakçısı olublar. Onlar hazırladıqları cihazların iş qabiliyyətini real təbii şəraitdə nümayiş etdiriblər. Həmin dövrdən sonra Azərbaycanın kosmik sahədəki fəaliyyət dairəsi SSRİ miqyasında daha da genişlənmiş və bir sıra nüfuzlu təşkilatların sifarişi ilə Azərbaycanda müxtəlif təyinatlı məlumat-ölçü sistemləri yaradılaraq istismara verilmişdi. Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış rentgen teleskopu 15 il ərzində “Salyut” və “Mir” orbital komplekslərində fəaliyyət göstərmiş və SSRİ dövründə 60-dək elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yerinə yetirib.

Bakı möhtəşəm beynəlxalq tədbirə hazırlaşır

Yarım əsr sonra 74-cü Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2-6-da Bakıda keçiriləcək.
Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Ölkəmiz kosmik sahədə fəaliyyət göstərən, kosmik sahənin aparıcı qurumlarından - ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi”nin (NASA), “Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES), “Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı”nın (ISRO), “Yaponiyanın Aerokosmonavtika üzrə Tədqiqat Agentliyi”nin (JAXA) və sair qurumların, həmçinin 100-dən artıq ölkənin 6000-dən çox nümayəndəsini və bu sektorun Elon Musk və Ceff Bezos kimi parlaq simalarını bir araya toplayan qlobal konqresə ev sahibliyi edəcək.

İKT 2022-12-26 13:24:00