×
A
A
A
Sazlamalar

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda növbəti piyada keçidi istifadəyə verilib VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. Bu çərçivədə daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrində inşa olunan yerüstü piyada keçidi istifadəyə verilib.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.
Məlumata əsasən, iki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 39 metr, eni 3,5 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri, həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
Tədbirlər planına uyğun olaraq cari ildə agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9 və 18,5-ci kilometrlik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək vətəndaşların istifadəsinə verilib.
Hazırda sözügedən magistral yolun 2,2 və 21,5-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Qeyd olunub ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Tikinti̇ 2022-12-24 19:45:00

Video