×
A
A
A
Sazlamalar

“Azərsığorta” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Bakı, 23 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Azərsığorta” Dövlət Kommersiya Sığorta Şirkəti “Hökumət buludu”na miqrasiya çərçivəsində xidmətlərin əlçatanlığının və dayanıqlığının təmin olunması məqsədilə “AzInTelecom”un IaaS (İnfrastructure – as a service) bulud infrastrukturu xidmətini əldə edib.
“Azərsığorta” informasiya sistemlərini qismən “AzInTelecom”a məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığına sahib olub.
Həmçinin şirkət məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS – Backup as a service) bulud xidmətindən də yararlanıb. “Azərsığorta” rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün xüsusi idarəetmə platforması ilə təmin olunub.
Bu platforma IT sistemlərini “AzInTelecom”a məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır.
Hazırda “Azərsığorta” şirkətinin “Microsoft Windows Server” məhsulları ilə təmin edilməsi barədə danışıqlar aparılır.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
Şirkət Data mərkəzləri vasitəsilə İnfrastruktur (IaaS), Rezervlənmə (BaaS), Arxivləşdirmə (SaaS), Fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş fəaliyyəti (DRaas), Yerləşdirmə (Colocation), transmissiya və digər xidmətlər təqdim edir.
“DRaaS” xidməti Yevlax Data Mərkəzi üzərindən icra olunur. Rezervlənmə (BaaS) xidməti çərçivəsində transmissiya və nüsxələmə işlərinin çevik idarə edilməsi üçün müştərilərin rezervlənmə platforması ilə təmin olunması həyata keçirilir.
Tərəfdaşlarımızın “BaaS” xidməti çərçivəsində “Veeam” platformasından istifadə edərək buludda rezervlənmiş məlumatları rahat şəkildə bərpa etməsi mümkündür.

İKT 2022-12-23 13:45:00