×
A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyində “QR kod”un tətbiqinə başlanır

Bakı, 22 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Çağrı Mərkəzi”nin yenidən təşkili və “QR kod”un tətbiqi ilə bağlı təqdimat keçirilib.
Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təqdimatı giriş nitqi ilə açan AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində qabaqcıl islahatlar aparılmaqla müvafiq sahənin təkmilləşdirilməsi, müasirləşdirilməsi, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, agentlikdə beynəlxalq standartlara uyğun olaraq yol infrastrukturunun yenidən qurulması istiqamətində yeniliklər tətbiq edilir, bu istiqamətdə müasir texnologiyaların imkanlarından geniş istifadə olunur.
Bununla yanaşı, ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında də işlər davam etdirilir.
Cari il ərzində idarəetmənin təkmilləşdirilməsi istiqamətində agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, şəffaflığın təmin edilməsi üçün yeni informasiya texnologiyalarının idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətində böyük işlər görülüb və davam etdirilir. Bu işlərə agentlikdə müasir metodlarla işçilər arasında keçirilmiş attestasiya, Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları, İşə Qəbul Qaydalarının təsdiqi, Elektron İnformasiya Sistemi AYİS-in yaradılması daxildir.
Qeyd olunub ki, idarəetmənin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Çağrı mərkəzinin (012 599-79-75) yenidən təşkili, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsidir.
Daha bir yenilik “QR kod”un yaradılması və tətbiqi ilə bağlıdır. “QR kod”un agentliyin ölkə ərazisində yerləşdirilən məlumatverici və təmir işləri icra olunan ərazilərdə yerləşdirilmiş lövhələrdə, agentliyin rəsmi blank, həmçinin rəsmi sayt və sosial şəbəkə hesablarında paylaşılan məlumatlarında, agentliyə məxsus texnikaların üzərində yerləşdirilməsi planlaşdırılır. “QR kod” məlumatlılığın artması və əlçatanlığın daha asan olmasında böyük rol oynayacaq, həmçinin agentlik haqqında daha ətraflı məlumatın qarşı tərəfə ötürülməsini tez və asan təmin edəcək.
Tədbirin sonunda Çağrı mərkəzinin fəaliyyətinin tənzimlənməsi qaydalarını, həmçinin agentliyin “QR kod”un yaradılmasını özündə əks etdirən videotəqdimat nümayiş olunub.

Tikinti̇ 2022-12-22 19:07:00