×
A
A
A
Sazlamalar

Elektroenergetika sektorunun inkişafına dair Memorandum imzalanıb

Bakı, 22 dekabr, AZƏRTAC

Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu onlayn formatda imzalanıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Memorandum çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpaolunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində ilkin olaraq “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Prezidentinin yeni inkişaf siyasətinə uyğun olaraq ölkəmizdə enerji sektoru bərpaolunan enerji mənbələri və səmərəliliyə əsaslanan modelə transformasiya olunur. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanan bu sənəd elektroenergetika sektorunun enerji və ətraf mühitlə bağlı müasir qlobal çağırışlara uyğun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Birgə əməkdaşlığımız Azərbaycanın “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nə çevrilməsinə, həmçinin 2050-ci ilə qədər istixana qazları emissiyalarının 40 faiz azaldılması və işğaldan azad edilmiş ərazilərdə netto sıfır emissiya zonasının yaradılması ilə bağlı genişmiqyaslı fəaliyyətinə də töhfə verəcək”.
AYİB-in Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad deyib: “Bu Memorandum Azərbaycan Hökuməti ilə AYİB arasında bərpaolunan enerji mənbələrinin əsas rol oynayacağı elektroenergetika sektorunda aşağı karbonlu həll yollarının hazırlanması üzrə gələcək əməkdaşlığa təkan verəcək. Biz, Paris Sazişinin dekarbonizasiya üzrə öhdəliklərinə uyğun olaraq, ölkənin istixana qazı emissiyalarını azaldaraq, qaz sərfiyyatını əlverişli olan külək və günəş enerjisi ilə əvəz etmək yolunda Azərbaycana dəstək olmaqdan məmnunuq”.
Qeyd edək ki, Nazirlik və Bank arasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək, bərpaolunan enerji mənbələri üzrə hərracların keçirilməsi və kiçik miqyaslı bərpaolunan enerji layihələri üçün normativ-hüquqi bazanın yaradılması sahələrində uzun illər davam edən əməkdaşlıq mövcuddur.

Energetika 2022-12-22 18:17:00