×
A
A
A
Sazlamalar

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə təlim-metodiki toplantı başa çatıb

Bakı, 22 dekabr, AZƏRTAC

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantı başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim-metodiki toplantıda Azərbaycan Ordusunda idarəetmə və liderlik qabiliyyətlərinin formalaşdırılması, şəhid ailələri və qazilərlə işin təşkili, regionda və dünyada cərəyan edən ictimai-siyasi hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə fəaliyyəti və digər mövzularda çıxışlar edilib, ətraflı müzakirələr aparılıb.
Tədbirdə 2022-ci tədris ili ərzində görülən işlər təhlil edilib. Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə qarşıya qoyulan tapşırıqların həlli istiqamətində görülmüş işlərdən danışılıb, həmçinin 2023-cü tədris ilində görülməli olan mənəvi-psixoloji təminat məqsədli vəzifələr toplantı iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra “Azərbaycan Ordusunun şəxsi heyətinin Heydər Əliyev ideyaları əsasında mənəvi-psixoloji təminatının aktual istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani “Heydər Əliyev İlinə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonuna start verildiyini qeyd edib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunan toplantı çərçivəsində marafonun ilk tədbiri keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifa etdiyi Heydər Əliyev haqqında və Ulu Öndərin sevdiyi mahnılar, şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Ordu 2022-12-22 17:11:00