×
A
A
A
Sazlamalar

Serbiyada tikiləcək elektrik stansiyası layihəsində fəaliyyətlə bağlı İşçi Qrupu yaradılacaq

Bakı, 21 dekabr, AZƏRTAC

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviçin görüşü keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Serbiya və Azərbaycan dövlətləri arasında münasibətlərin çox yüksək səviyyədə olması və bu əməkdaşlığın artıq dostluq əlaqələrinə çevrilməsi qeyd olunub.
Hər iki ölkənin enerji sistemləri barədə məlumatlar verilərək geniş fikir mübadiləsi aparılıb.
Elektrik enerjisinin Azərbaycandan Serbiyaya ixracının yaxın zamanda həyata keçirilməsi və ölkəmizin Avropaya yeni çıxış imkanı yaradacaq enerji dəhlizlərində iştirakı, o cümlədən Serbiyada yeni tikiləcək elektrik stansiyası layihəsində müştərək fəaliyyətin təşkili və bu məqsədlə birgə İşçi Qrupunun yaradılması barədə də danışılıb.
Görüşdə iki dövlət arasında mövcud strateji əməkdaşlıq çərçivəsində elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət qurumları və şirkətlərin ölkələrarası işgüzar əlaqələrin möhkəmləndirilməsindəki mühüm rolu qeyd edilib.

Energetika 2022-12-21 19:05:00