×
A
A
A
Sazlamalar

Orxan Məmmədov: Sahibkarlar xarab olan məhsullarla bağlı geri ödəmələrdə çətinliklərlə üzləşirlər

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına əsasən sahibkarlar konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən müvafiq müddətə Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin bəzi hallarda sahibkarlar qida məhsulları, əsasən meyvə-tərəvəz ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə bəyan olunan dəyərin bir qisminin geri ödənilməsində bəzi çətinliklərlə rastlaşırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri KOBİA-nın sədri Orxan Məmmədov “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.
O bildirib ki, bu sahədə tənzimləyici mexanizmlərin tətbiqi məqsədilə beynəlxalq təcrübədə təklif edilən mütərəqqi təcrübələrə baxmaq daha yaxşı olardı.
Orxan Məmmədov qeyd edib ki, daxil olmuş müraciətlərə əsasən, digər bir çətinlik isə statistik dəyərin müəyyən olunmasında yaşanır. Belə ki, bəzi hallarda həm idxal, həm də ixrac edilən məhsullara münasibətdə faktiki qiymətdən yüksək qiymətlər tətbiq edilir və bu vəziyyət əlavə olaraq vergi orqanları ilə də mübahisələrin yaranmasına səbəb olur. Bununla əlaqədar statistik dəyərin təyin edilməsi zamanı mövcud hallar təhlil edilməklə beynəlxalq təcrübəyə əsaslanan sadələşdirilmiş alətlərdən istifadə imkanlarını nəzərdən keçirmək olar.
“KOB-ların gömrük xidmətlərinə çıxışının sadələşdirilməsi məsələsi də diqqətçəkən mövzulardandır. Təklif olaraq sahibkarlara nisbətən KOB subyektlərinin “Yaşıl dəhliz” xidmətindən istifadəsinin daha əlçatan olması və təşviq edilməsi üçün prosedurlara yenidən baxılmasına ehtiyacın olduğunu düşünürəm”, - deyə Orxan Məmmədov vurğulayıb.

 

Nəqliyyat 2022-12-20 13:12:00