Ekspert: Azərbaycan Rumıniyada imzalanan Sazişlə bir sıra üstünlüklər qazanıb
Bakı, 19 dekabr, AZƏRTAC
Yaşıl enerjinin ixracı ölkəmiz üçün çox əhəmiyyətlidir. Biz bərpaolunan enerjinin istehsalını və ixracını təşkil etsək, ölkəmizin strateji mövqeyi və gəlirləri ilə bağlı əhəmiyyətli üstünlük yaranacaq. Eyni zamanda, Avropa İttifaqı Rusiyadan enerji asılılığını sıfra endirməyə və karbonizasiya olunan enerji məhsulu əldə etməyə çalışır. Bu baxımdan ölkəmizin Avropa bazarına çıxışı hər iki tərəfin maraqlarına uyğundur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Ekspert qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və enerji məhsullarının az da olsa tədarükündə etibarlı mövqeyi var: “Avropa bazarı böyükdür və biz 3-4 faizinə enerji tədarük edə bilirik. Ölkəmiz Avropaya həm neft, həm də qaz ixrac edir. Bundan əlavə, Azərbaycan çox böyük külək və günəş enerjisi potensialına malikdir. Bu ilin əvvəllərində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və “ACWA power” şirkətləri ilə bağlanan müqaviləyə əsasən, Azərbaycanda külək və günəş enerjisi istehsalına investisiya qoyulub”.
X.Kərimli Rumıniyada imzalanan Sazişin ölkəmiz üçün bir sıra üstünlükləri olduğunu bildirib: “Buradan gəlir əldə edəcəyik, həmçinin ixrac edilən enerji bərpaolunan resursdur və ətraf mühitin çirklənməsi problemi yaşanmayacaq. Eyni zamanda, əlavə dostlar qazanmış oluruq. Bunu yalnız ticarət kimi yox, həm də Avropada yaxşı tərəfdaşlar tapmaq kimi düşünməliyik. Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropaya elektrik xətləri çəkərək rabitə kanalları da yaratmış oluruq. Bunlar Azərbaycana maliyyə gəliri və siyasi dividendlər vəd edir, həm də iqtisadiyyatın diversifikasiyası baxımından əhəmiyyətli rol oynayır. Bu, qeyri-neft sektorudur. Ölkəmizin əsas məqsədi də qeyri-neft sektorunu inkişaf etdirməkdir”.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir