×
A
A
A
Sazlamalar

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

Bakı, 19 dekabr, AZƏRTAC

Dövlət Vergi Xidməti (DVX) xidmətlərin dayanıqlılığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na keçid çərçivəsində ehtiyat məlumatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzinə köçürür.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, DVX informasiya sistemlərini “AzInTelecom”a məxsus Data Mərkəzində qismən yerləşdirməklə kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər qazanıb. Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün xüsusi platforma ilə təmin edilib.
Bu, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən reallaşdırılır.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malik olan “AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur.

İKT 2022-12-19 12:21:00