×
A
A
A
Sazlamalar

On bir ayda ölkədə elektrik enerjisi istehsalı artıb

Bakı, 16 dekabr, AZƏRTAC

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin noyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 506 milyon kilovat-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 96 milyon kilovat-saat, yaxud 4 faiz artması deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,5 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 milyon kilovat-saat, ixrac isə 448,9 milyon kilovat-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 216,9 milyon kilovat-saat artıb.
Ümumilikdə cari ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 milyon kilovat-saat, yəni 3,9 faiz artaraq 26 milyard 260,3 milyon kilovat-saat təşkil edib.
Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 623,3 milyon kilovat-saat artaraq 24 milyard 404,9 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 339,4 milyon kilovat-saat artaraq 1 milyard 532,8 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və bərk məişət tullantılarının yandırılması zavodu (BMTYZ)) üzrə isə 15,5 milyon kilovat-saat artaraq 322,6 milyon kilovat-saat olub.
On bir ayda KES-də 79,1 milyon kilovat-saat, GES-də 59 milyon kilovat-saat, BMTYZ-də isə 184,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Cari ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 milyard 696,7 milyon kilovat-saat (İES-lərdə 22 milyard 277,2 milyon kilovat-saat, SES-lərdə 1 milyard 419,5 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 439,8 milyon kilovat-saat (İES-lərdə 285,8 milyon kilovat-saat, SES-lərdə 99,4 milyon kilovat-saat, GES-də 54,6 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 59,3 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 64,5 milyon kilovat-saat olub.
Hesabat dövründə elektrik enerjisinin idxalı 126,3 milyon kilovat-saat, ixracı isə 2 milyard 546,8 milyon kilovat-saat təşkil edib.

Energetika 2022-12-16 17:42:00