×
A
A
A
Sazlamalar

Bu ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır

Bakı, 16 dekabr, AZƏRTAC
Dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir. Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də, hələ də ikirəqəmli olaraq qalır. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qisamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldılması istiqamətində qərar qəbul olunub. Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi, eyni zamanda, milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir. Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək.

Maliyyə 2022-12-16 11:32:00