×
A
A
A
Sazlamalar

Dövlət Yol Polisi Siyəzəndə baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb

Bakı, 15 dekabr, AZƏRTAC

Bu gün səhər saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes Benz Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi “DAF” markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü Nəsimi Qubadbəyli və onun idarə etdiyi avtomobildə olan beş sərnişin - 1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu hadisə yerində ölüblər.
Həlak olan bir sərnişinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Yük avtomobilinin sürücüsü Elçin Atayev isə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə yerində xidmət aparan Dövlət Yol Polisinin əməkdaşları müvafiq tədbirlər həyata keçirir. Yolda digər nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2022-12-15 16:48:00