×
A
A
A
Sazlamalar

FHN: Səngəçalda baş vermiş yanğında 50 ton dizel yanacağı yanıb

Bakı, 14 dekabr, AZƏRTAC

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Bu barədə FHN-in mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Yanğının baş verdiyi ərazidə tezalışan maddələrin mövcudluğu səbəbindən genişlənmə riskinin yüksək olmasına baxmayaraq, yanğınsödürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasına imkan verilməyib.
Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 280 kvadratmetr olan kafenin dam örtüyünün yanar konstruksiyaları 30 kvadratmetr sahədə və bir ədəd pəncərə çərçivəsi, yaxınlıqda ümumi sahəsi 28 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları, kafenin ərazisində yığılmış hər birinin tutumu 1 ton olan dizel yanacağı ilə dolu 40 ədəd plastik çəllək, vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banında plastik çəlləklərdə olan 10 ton dizel yanacağı yanıb.
Kafenin böyük hissəsi və yaxınlıqda dayanan “KamAZ” markalı avtosistern yanğından mühafizə olunub.

Hadisə 2022-12-14 16:51:00