×
A
A
A
Sazlamalar

Azərbaycanda yaşayan xalqlar arasındakı hörmət dünyaya örnəkdir

QMİ sədri Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri və Los-Anceles yəhudi icmasının üzvləri ilə görüşüb

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qrinqer və Los-Anceles yəhudi icmasının üzvləri Eti El-Kiss və Karen Kohen ilə görüşüb.
QMİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə şeyxülislam Azərbaycandakı müxtəlif dini konfessiyalar arasında hökm sürən harmoniyadan danışıb, multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirib. Qeyd edib ki, belə bir mühitin bünövrəsi Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən qoyulub.
Vurğulanıb ki, Azərbaycan cəmiyyətindəki birlik Vətən müharibəsi dövründə özünü daha da bariz şəkildə göstərdi. Vətənimizin ərazi bütövlüyü uğrunda təkcə azərbaycanlılar deyil, rus, yəhudi və digər xalqların nümayəndələri də Azərbaycan vətəndaşı olaraq qanlarından və canlarından keçdilər. Şəhidlərimiz xalqın qəlbində bir abidə kimi ucaldılar. Vətən müharibəsi təkcə çoxmillətli Azərbaycan cəmiyyətinin birliyini deyil, eləcə də kimin dost, kimin isə düşmən olduğunu nümayiş etdirdi.
Azərbaycanın tarixi, postmüharibə dövründə inkişafı, milli-mədəni irsi, multikulturalizm ənənələri ilə yaxından tanış olmaq və Azərbaycanla bağlı məlumatları ABŞ ictimaiyyətinə çatdırmaq məqsədilə ölkəmizdə səfərdə olan heyət üzvləri ölkəmizdə gördüklərinə heyran qaldıqlarını, müxtəlif xalqların nümayəndələri arasındakı qarşılıqlı hörmət və ləyaqəti xüsusi vurğulayaraq bu baxımdan ölkəmizin bütün dünyaya örnək olduğunu bildiriblər. Bu il iyulun 27-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə məktub ünvanlayaraq Vətən müharibəsi qazisi Arif Hacıyevin gözünün əməliyyat edilməsinin təşəbbüskarı olan Nurit Qrinqer bu əməliyyat üçün donor olan israilli ailə və əməliyyatı həyata keçirən həkimlə görüş təşkil etdiyini deyib.
Şeyxülislam bunu dinindən və irqindən asılı olmayaraq əsl qardaşlıq kimi qiymətləndirərək xanım Qringerə təşəkkür edib.
Qonaq heyətin üzvləri hazırda Azərbaycana həsr olunmuş sənədli filmin çəkilişi ilə məşğul olduqlarını bildirərək həmin filmin premyerasının gələn il Bakıda keçiriləcəyini deyiblər və Şeyxülislam A.Paşazadəni premyeraya dəvət ediblər.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Din 2022-12-13 21:35:00