×
A
A
A
Sazlamalar

Xətai rayonunda dayısının evindən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində evlərdən birinə basqın edərək quldurluq əməli törədən dəstə üzvləri - Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyənləşdirilib ki, Ramazan Kərimov dayısının evində külli miqdarda pul olması barədə digər qohumu Əli Vəliyevə məlumat verib və həmin maddi vəsaitin ələ keçirilməsini təklif edib. Sonuncu isə tanışları Orxan Musəvi və İlqar Xəlilovla həmin mənzilə basqın etmək barədə razılığa gəlib. R.Kərimov dəstə üzvlərinə dayısının və ailənin digər üzvlərinin səhər saatlarında evdən çıxdıqları, mənzildə isə ailənin böyük oğlunun tək qaldığı barədə məlumat verib. Noyabrın 21-də dəstə üzvləri həmin mənzilə özlərini poçt əməkdaşı kimi təqdim edərək daxil olublar. Onlar ev sahibinin oğlunun sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub və əllərində olan bıçaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə mənzilə basqın ediblər. Dəstə üzvləri daha sonra evdə olan 50 min dollar, 1900 manat və ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını ələ keçiriblər.
R.Kərimov, Ə.Vəliyev, O.Musəvi və İ.Xəlilov barəsində toplanan materiallar Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, rayon polis idarəsinə, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

Hadisə 2022-12-10 16:59:00

Video