×
A
A
A
Sazlamalar

Körfəzin ərəb ölkələrinin Çinlə əlaqələri möhkəmlənir

Qahirə, 9 dekabr, AZƏRTAC

Ər-Riyadda ərəb ölkələrinin liderləri – İordaniya, Bəhreyn kralları, Mavritaniya, Somali, Tunis, Misir prezidentləri, Qətər Əmiri, İraqın Baş naziri, Səudiyyə Ərəbistanının vəliəhdi və Çin Xalq Respublikasının Sədrinin iştirakı ilə Ərəb-Çin Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sammitdən əvvəl Körfəz Dövlətləri Əməkdaşlıq Şurasının (KDƏŞ) 43-cü sessiyası keçirilib. Bu tədbirdə və Ərəb-Çin Sammitində dövlət və hökumət başçıları ərəb ölkələrinin Çinlə müxtəlif sahələrdə əməkdaşlığının perspektivlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Sammitdə giriş nitqi söyləyən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bildirib ki, KDƏŞ üzvləri Çinlə əməkdaşlıqda yeni mərhələ açmaq istəyirlər. Onun sözlərinə görə, Pekinlə əlaqələrin daha yüksək səviyyəyə qalxması bütün ərəb ölkələrinin maraqlarına uyğundur.
Si Cinpin öz çıxışında qeyd edib ki, sammit Çinlə ərəb dövlətləri arasında daha sıx əlaqələrin qurulmasına xidmət edir. O əlavə edib ki, yeni qlobal reallıqlar fonunda bu əməkdaşlıq təkcə ərəb ölkələri və Çinin deyil, həm də qlobal miqyasda əməkdaşlığın inkişafına və sabitliyin təmin edilməsində bütün dünyanın mənafelərinə cavab verir.
KDƏŞ-in Baş katibi Nayif Fəlah Mübarək Əl-Nəcraf və digər natiqlər vurğulayıblar ki, Çin hazırkı şəraitdə çoxqütblü dünyanın liderlərindən biridir və təşkilata üzv ölkələr Pekinin “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal iştirak etmək niyyətindədir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

 

Dünya 2022-12-09 18:49:00