×
A
A
A
Sazlamalar

Çin ərəb dünyası ilə əməkdaşlığın möhkəmlənməsinə çalışır VİDEO

Pekin, 9 dekabr, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri (ÇXR) Si Cinpin Səudiyyə Ərəbistanında dövlət səfərindədir. Kral Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə baş tutan səfər Çininin ərəb dünyası ilə əlaqələrində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Çünki, bu, təkcə Çin liderinin Səudiyyə Ərəbistanına ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparmaq üçün olan bir səfəri deyil. Belə ki, dekabrın 10-dək davam edəcək səfərin digər məqsədi Çin-Ərəb dövlətləri sammitində və Çin-Körfəz Əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir.
Çinin ərəb ölkələri ilə, o cümlədən Səudiyyə Ərəbistanı ilə münasibətləri xüsusən iqtisadi sahədə sürətlə inkişaf edir. Ötən il Çin-Səudiyyə Ərəbistanı qarşılıqlı investisiyaların həcmi 27 milyard ABŞ dollarına çatıb. Bu, Çinin ərəb ölkələrinə qoyduğu sərmayələrin 20,3 faizi deməkdir. Ümumilikdə isə Çinin 2005-2021-ci illərdə ərəb ölkələrində investisiyalarının həcmi 169,9 milyard dollar təşkil edib. Təkcə bir məqama nəzər salmaqla Çin-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin vacibliyini anlamaq olar. Səudiyyə Ərəbistanı bir neçə ildir ərəb ölkələri arasında Çinin ən böyük ticarət tərəfdaşı, 2013-cü ildən bəri isə Çin Səudiyyə Ərəbistanının ən iri ticarət tərəfdaşıdır. Bir neçə ildir Səudiyyə Ərəbistanı neftinin əsas alıcısı Çindir. Təbii ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın xüsusi rolu var. Bu da təəccüblü deyil. Çünki, Səudiyyə Ərəbistanı dünyanın ən iri neft ixracatçılarından biri, Çin isə ən iri istehlakçı və idxalçılarından biridir. Bundan başqa, tərəflər alternativ və bərpaolunan enerji, ticarət, investisiyalar sahələrində də uğurla əməkdaşlıq edir.
İki ölkə arasında siyasi sahədə də münasibətlər yüksək səviyyədədir. Elə Si Cinpinin Kral Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşlərində Pekin ilə Ər-Riyad arasında hərtərəfli strateji tərəfdaşlığı daha da inkişaf etdirmək, hətta daha da irəli getmək barədə razılıq əldə olunub. Ər-Riyad Çinin “Kəmər və yol” təşəbbüsündə daha fəal iştirak etmək niyyətini də açıqlayıb.
Ərəb dövlətlərinin Çinin inkişafına maraq göstərdiyini bildirən Çinin Ərəb Araşdırmaları Akademiyasının direktoru Li Şaosien, “Kəmər və yol" təşəbbüsünün ərəb dünyasında da uğurlu icrasının müşahidə olunduğunu deyib. “Ərəblər üçün, bir tərəfdən Çin böyük bir dövlət, heç vaxt ərəb dünyası ilə qarşıdurması olmayan ölkədir. Çində ərəb ölkələrinə münasibətdə heç vaxt münaqişə, təcavüz, istismar, zülm olmayıb. Digər tərəfdən, ərəb ölkələrində və Yaxın Şərqdə Çin həmişə dinc yanaşı yaşamağın beş prinsipinin tətbiqinə sadiqdir və heç vaxt digər ölkələrin daxili işlərinə qarışmayıb”, - deyə Li Şaosien bildirib.
Çinin ərəb dünyası ilə əlaqələrində son illər əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə olunur. Rəsmi Pekin ərəb aləmini inkişaf etməkdə olan ölkələr olaraq özünə yaxın tərəfdaş hesab edir. Ötən onillikdə Çinin ərəb ölkələri ilə əməkdaşlığı daha da sürətlənib. Belə ki, Çin 12 ərəb dövləti ilə strateji tərəfdaşlıq və hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb, 20 ərəb dövləti isə Çinin “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən sənəd imzalayıb. Bundan başqa, Çinin son illər ərəb ölkələri ilə iqtisadi əməkdaşlığı, xüsusən də enerji, infrastruktur, investisiya, ticarət sahələri əlaqələri xüsusi olaraq diqqət çəkir. Çin şirkətləri ərəb ölkələrində iri infrastruktur layihələri icra edib. Bunlara misal olaraq, Məkkə və Mədinə arasında sürətli dəmir yolu xəttini, futbol üzrə dünya çempionatı üçün Qətərdə stadionların inşasını və s. göstərmək olar.
Pekin dünyadakı yeni çağırışlar və dəyişikliklə fonunda ərəb ölkələri ilə ərzaq, enerji, investisiya, maliyyə sahələrində əlaqələrin dərinləşməsinə can atır. Əslində dünyanın neft ehtiyatlarının 30 faizinin, qaz ehtiyatlarının 20 faizinin Körfəz regionunda cəmləşdiyini, habelə ərəb və Körfəz ölkələrinin Asiya, Avropa və Afrikanı birləşdirən bir qovşaq olduğunu nəzərə alsaq, Çinin bu regiondakı ölkələr ilə isti münasibətlərə niyə can atdığını anlamaq olar. Ərəb ölkələrinin bir çoxunun ən iri ticarət tərəfdaşı və ya ən iri ixrac ünvanı məhz Çindir. Çin Körfəz ölkələrindən ötən il 200 milyon ton xam neft idxal edib. Çinin ərəb ölkələri ilə ticarət dövriyyəsi isə 330 milyard dolları ötüb. Bu il həmin göstəricinin daha yuxarı olacağı gözlənilir.
Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Niu Sinçun bildirib: “Ərəb ölkələri ənənəvi enerji ixracatı üçün ən böyük bölgədə yerləşir və Çin enerjidaşıyıcılarının ən böyük idxalçısıdır. Buna görə də hər iki tərəfin maraqları bir-birini tamamlayır. Beləliklə, Çin-Ərəb dövlətləri sammiti zamanı hər iki tərəf uzunmüddətli sabit enerji təchizatı baxımından əməkdaşlıq nöqtələri tapa bilər. Hətta mümkündür ki, hər iki tərəf əməkdaşlıq memorandumu imzalayacaq”.
Bundan başqa, Pekin özünün irəli sürdüyü Qlobal Təhlükəsizlik Təşəbbüsünün reallaşmasında ərəb dünyasının dəstəyinə ümid edir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir
Pekin

Dünya 2022-12-09 18:55:00

Video