×
A
A
A
Sazlamalar

İtaliya “Louise Michel” təşkilatına məxsus gəmidəki 33 miqrantı qəbul edib

Roma, 9 dekabr, AZƏRTAC
İtaliya Aralıq dənizində Almaniyanın “Louise Michel” qeyri-hökumət təşkilatına (QHT) məxsus humanitar gəmidəki 33 miqrantı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Misir vətəndaşları olan miqrantlar İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisinin müşayiəti ilə Lampeduza adasına gətirilib.
Lampeduza adasındakı qaçqın düşərgəsində vəziyyət isə mürəkkəb olaraq qalır. Belə ki, 350 yerlik düşərgəyə 1068 miqrant yerləşdirilib.
Hazırda İtaliya sahillərində “SOS Humanity” qeyri-hökumət təşkilatına məxsus “Humanity 1” və Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmilərindəki ümumilikdə 500-dən çox miqrant təhlükəsiz limana qəbul edilməyi gözləyir. Həmin mühacirlər arasında qadınların və valideynləri tərəfindən müşayiət edilməyən azyaşlıların da olduğu bildirilib.
İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin yanvarından dekabrın əvvəlinədək ölkəyə dəniz yolu ilə 94,6 mindən çox qanunsuz miqrant gəlib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2022-12-09 18:29:00