×
A
A
A
Sazlamalar

Günay Əfəndiyeva: Şuşa Türkiyənin Azərbaycanın yanında dik duruşu, gerçək qardaşlıq nümunəsidir

Bakı, 9 dekabr, AZƏRTAC

İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan “Şuşa Günləri” Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən Bursada keçirilən “Şuşa Günləri” tədbirlərinin açılış mərasimindəki çıxışı zamanı deyib: “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşıyan Bursa yaxınlaşmaqda olan növbəti ilin başlanğıcına doğru estafeti Azərbaycan mədəniyyətinin beşiyi Şuşaya təhvil verməkdədir. Bu xüsusda türk xalqlarının çoxəsrlik dəyərlərini öyrənən, qoruyan, dünya miqyasında təbliğ edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Bursada Şuşa Günləri”nin keçirilməsi təşəbbüsünü irəli sürdü və bu təklif Türk ölkələrinin rəhbərləri tərəfindən dəstəklənərək, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində qəbul olunan Səmərqənd Bəyannaməsində də öz əksini tapdı. Bu, həm də yeni və gözəl bir ənənənin başlanğıcı da sayıla bilər”.
Günay Əfəndiyeva keçirilən tədbirlər vasitəsilə Azərbaycanın incisi, Qarabağın baş tacı, Türk dünyasının ayrılmaz parçası Şuşanın zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin ətrinin Bursada duyulacağını, eləcə də türk xalqlarının Şuşanı daha geniş miqyasda tanıyacağını nəzərə çatdırıb.
Fondun prezidenti, Qarabağ xanı Pənahəli xanın 270 illik yadigarı, təbii gözəlliklərin məskəni olan Şuşanın azad edilməsini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qazanılan “Müqəddəs Qələbə”nin zirvəsi adlandıraraq qeyd edib: “Şuşa - 30 illik həsrətin sona çatdığını bildirən ən gözəl müjdədir. Milli hisslərin, qürurun, ləyaqətin təntənəsidir: “8 Noyabr”ın Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə Zəfər Günü kimi həkk edilməsidir”.
Günay Əfəndiyeva 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsinə diqqəti çəkərək, vurğulayıb: “Şuşa bəşəri irsə təkrarsız əsərlər bəxş etmiş görkəmli ziyalıların, şairlərin, yazıçıların, bəstəkarların, sənətkarların dünyaya göz açdığı məkandır. Vaqifi, Natəvanı, Mir Möhsün Nəvvabı, Nəcəf Bəy Vəzirovu, Qasım Bəy Zakiri, Üzeyiri, Bülbülü, Xan Şuşinskini, Cabbar Qaryağdı oğlunu, Rəşid Behbudovu və daha neçə-neçə böyük şəxsiyyətləri qoynunda yetişdirən, bağrına basan Anadır”.
Fondun prezidenti 2 il öncə Qarabağ uğrunda haqq savaşında Türkiyənin Azərbaycana mənəvi dəstəyindən bəhs edərək, bildirib: “Şuşa, gerçək qardaşlıq nümunəsidir. Türkiyənin Azərbaycanın yanında dik duruşudur. Doğmalığın nümayiş etdirilməsidir. İki böyük liderin imzaladıqları tarixdir. Şuşa Türküstandır, Bursadır, Oşdur, Səmərqənddir, Mərvdir. Türk dünyasının ayrılmaz parçasıdır. Bizi birləşdirən amildir”.
Günay Əfəndiyeva “Şuşa Günləri” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək diqqətə çatdırıb: “Bu il 190 illiyi qeyd olunan Xan qızı Xurşidbanu Natəvana həsr olunmuş, Fond tərəfindən hazırlanmış sənədli filmin və Azərbaycanın muğam triosunun müşayiəti ilə gözəl sənətçimiz Mehriban Zəkinin ifasında ədəbi-musiqili kompozisiyanın, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında Bakı Bələdiyyə Teatrının “Şuşada ürəyim qaldı” tamaşasının, dünyaca məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın İncisi Şuşa” foto sərgisinin, Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın “Qarabağ Milli Geyim Kolleksiyası”nın nümayişi ilə Türk Dünyası Şuşanın zəngin mədəni irsi, eyni zamanda, Azərbaycanın tarixi həqiqətləri ilə daha yaxından tanış olacaqdır. Həmçinin, Fondun himayəsində yaradılan və Səmərqənd Zirvəsi çərçivəsində uğurla çıxış edən, 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən xanım musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertində türk xalqlarının mənəvi aləmini tərənnüm edən musiqilər səslənəcək”.
“Fond tərəfindən göstərilən bu təşəbbüsün məqsədi bu gün azad olan Şuşanın - Qarabağın tarixi və mədəni irsinin tanıdılması ilə yanaşı, həm də Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi, türk xalqlarının daha da yaxınlaşması, onların həmrəyliyinin gücləndirilməsidir. İnanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bir parçası olan “Şuşa Günləri” Türk birliyinin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir”, - deyə Günay Əfəndiyeva bildirib.

Mədəniyyət 2022-12-09 16:16:00