×
A
A
A
Sazlamalar

Milli Kitabxanada elmi konfrans: Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Azərbaycan Milli Kitabxanasında Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, elmi konfrans Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Milli Kitabxananın direktoru Kərim Tahirov son vaxtlar Türkiyə alimləri ilə əlaqələrin genişləndiyini qeyd edib. Bildirib ki, Kastamonu Universitetinin Kitabxanaçılıq fakültəsinin dekanı Hasan Keseroğlunun elmi konfransda iştirak etməsi məmnunluq doğurur: “Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi 60 il bundan öncə Abuzər Xələfov sovet rejimi ilə mübarizə apararaq yaratmışdı. O dövrdə çoxları bu fakültənin açılmasını istəmirdi. Bu gün Kitabxanaçılıq-informasiya fakültəsi elm ocağına çevrilməklə yanaşı, oturuşmuş bir sahə kimi tanınır”.
Elmi konfransın açılışının bir gün öncə Bakı Dövlət Universitetində olduğunu deyən BDU-nun dekanı, dosent Ələmdar Cabbarlı söyləyib: “Beynəlxalq mütəxəssislərin qatıldığı bu tədbirdə universitetin rektoru Elçin Babayev çıxış edib, fakültənin gələcək perspektivləri barədə danışıb, həyatda olmayan müəllimlərin xatirəsini yaşatmağı tövsiyə edib”.
Bildirib ki, yanvar sessiyasından sonra Universitetdə fakültənin yeni nəşrlərinin təqdimatı keçiriləcək.
Milli kitabxana bizim güvəndiyimiz, istinad etdiyimiz bir mədəniyyət ocağı olduğunu deyən Ələmdar Cabbarlı qeyd edib ki, Milli Kitabxana BDU-nun məzunlarını hər zaman işlə təmin edib və bu təcrübə digər kitabxanalara da yayılır.
Kastamonu Universitetinin dekanı Hasan Keseroğlu toplantıda iştirak etməkdən məmnunluğunu ifadə edib, birgə təcrübənin gələcəkdə də ümumi işə töhfə verəcəyini söyləyib.
Sonra konfrans proqram üzrə çıxışlarla davam edib. Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, Azərbaycan şairi, publisist Knyaz Aslan və başqaları mövzular üzrə məruzələrlə çıxış ediblər.
Sonda fakültə haqqında, 60 il ərzində onun dekanları olmuş görkəmli professorları və fakültənin tanınmış məzunları, həmçinin fakültənin nəşrləri ilə bağlı videoçarx göstərilib.

Mədəniyyət 2022-12-09 12:35:00