×
A
A
A
Sazlamalar

Azərbaycan–Gürcüstan arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş poçt markası buraxılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimatı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin Xarici İşlər nazirliklərinin dəstəyi ilə buraxılmış poçt markasında “Azərbaycan–Gürcüstan əlaqələri – 30 il” sözləri və dövlət bayraqları əks olunub. Bundan başqa, markada Azərbaycanın tarixi abidəsi Məhəmməd məscidi və görkəmli şairə Xurşidbanu Natəvanın heykəli, eləcə də Gürcüstanın memarlıq nümunələri Cvari monastrı və Kartlis Deda (Gürcüstanın Anası) heykəli təsvir edilib.
Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze əməkdaşlığa görə təşəkkürünü bildirib.
“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov isə poçt markasının iki dövlət arasında diplomatik əlaqələrin 30-cu ildönümünə töhfə olduğunu vurğulayıb.
Sözügedən filateliya məhsulu 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Əlavə olaraq, 200 ədəd “Birinci gün” zərfi də təqdim olunub.
Qeyd edək ki, “Azərpoçt” cari ildə Azərbaycanın daha iki ölkə – Rusiya və Ukrayna ilə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş markalar buraxıb.

İKT 2022-12-09 11:45:00