×
A
A
A
Sazlamalar

Yeni su elektrik stansiyaları Oğuzun enerji təminatını gücləndirəcək REPORTAJ

Oğuz, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Alternativ və bərpaolunan enerji mənbələrindən artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində istifadə olunur. Azərbaycanda da bu sahədə geniş imkanlar mövcuddur. Alternativ və bərpaolunan enerji, ondan səmərəli istifadə olunması ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər Azərbaycanda külək və günəş enerjisindən, həmçinin dağ çaylarının potensialından istifadə edilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verir, əlavə iş yerlərinin açılmasına səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi, şübhəsiz ki, rayonun elektrik enerjisinə olan tələbatının ödənilməsinə öz töhfəsini verəcək.
AZƏRTAC-ın bölgə müxbiri yeni istismara verilən kiçik su elektrik stansiyaları silsiləsində olub, aparıcı mühəndis Camal Əliyevlə söhbət edib.
Mütəxəssis bildirib ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Oğuz rayonunun Muxas kəndində, Daşağıl çayı üzərində quraşdırılan kiçik su elektrik stansiyaları silsiləsi suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğulardan və 3 stansiyadan ibarətdir. Bu stansiyalarda ümumilikdə 8 aqreqat – hidrogenerator quraşdırılıb. O cümlədən “Oğuz-1” və “Oğuz-2” stansiyalarının hər birində 3, “Oğuz-3” stansiyasında isə 2 aqreqat yerləşdirilib. Hidrogeneratorların hər birinin gücü 447 kilovatdır. Ümumiyyətlə, Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla tikilmiş stansiyaların ümumi gücü 3,6 meqavat təşkil edir.
Aparıcı mühəndisin sözlərinə görə, “Oğuz-3” stansiyasında digər iki stansiyadan fərqli olaraq 2 hidrogeneratorun quraşdırılmasının əsas səbəbi odur ki, yuxarıda yerləşən “Oğuz-2” stansiyasının bir aqreqatının suyu Muxas kəndi əhalisinin həyətyanı sahələrinin suvarılması üçün istifadə olunacaq.
“Dağ çayı olduğu üçün Daşağıl çayında su mövsümi olaraq artıb-azalır. Bu, stansiyaların qəbul etdiyi suyun həcminə öz təsirini göstərir. Hazırda stansiyalar silsiləsi gündəlik olaraq 1 meqavatadək elektrik enerjisi istehsal edir. Hər üç elektrik stansiyası rəqəmsal qaydada “Azərenerji”nin SCADA dispetçer sisteminə qoşulub və ölkənin ümumi enerji sisteminə inteqrasiya olunub”, - deyə Camal Əliyev qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin “yaşıl enerji” strategiyasına uyğun olaraq son 2 ildə ölkəmizin istər işğaldan azad edilən, istərsə də digər ərazilərində ümumi gücü 50 meqavatdan artıq olan 14 kiçik su elektrik stansiyası yaradılıb və yaradılmaqdadır.

Regionlar 2022-12-09 10:46:00