×
A
A
A
Sazlamalar

Dövlət Xidməti: Ölkədə 154 tarix-mədəniyyət abidəsinin pasportlaşdırılması yekunlaşıb

Bakı, 9 dekabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Xidmətindən məlumat verilib.
“Respublikanın müxtəlif rayonlarında yerləşən 154 tarix-mədəniyyət abidəsinin pasportu, mühafizə zonaları üzrə isə 107 layihənin hazırlanması yekunlaşdırılıb. Onlardan 42 abidənin pasportunun hazırlanması və 9 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.
Bu sənədlər cari ildə aidiyyəti orqanlara (pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyasına, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) göndərilib və bütün sənədlərin aidiyyəti orqanlarla razılaşdırılması işi bitmək üzrədir”,- deyə məlumatda bildirilir.

 

Mədəniyyət 2022-12-09 09:43:00