×
A
A
A
Sazlamalar

Ekoloji terror siyasətinə hələ də qiymət verilməməsi ikili standartların təzahürüdür

Bakı, 8 dekabr, AZƏRTAC

Ermənistan və Qarabağdakı separatçı rejim 30 ilə yaxın işğal altında olan torpaqlarımızda ekoloji terror törədib. İşğal altındakı ərazilərimizdə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin üzvü Fatma Yıldırım deyib.
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Qızıl yataqlarının, dağ-mədən sənayesinin işlənməsində xarici şirkətlər iştirak ediblər. Dövlətimiz tərəfindən həmin şirkətlərlə bağlı hüquqi tədbirlər görüləcək, onlar beynəlxalq məhkəmələrə veriləcək. Bu istiqamətdə işlər gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsi üçün Xocalı rayonuna səfər etməsi, sülhməramlıların komandanı ilə görüşməsi bu işlərin tərkib hissəsidir. Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək. Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlərin qarşısının alınması diqqət mərkəzindədir.
Deputatın sözlərinə görə, rəsmi Bakının bu addımı çox doğrudur. Çünki müəyyən beynəlxalq dairələr, o cümlədən separatçılar Qarabağ üzərindən spekulyasiya etməyə çalışırlar. Amma dövlətimiz müvafiq qurumların təmsilçilərindən ibarət nümayəndə heyəti göndərməklə bu torpağın sahibi olduğunu bir daha təsdiqlədi.
“Ermənilər tərəfindən ekologiyaya və təbiətə qarşı törədilən həmin ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır. Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Müvafiq beynəlxalq təşkilatların ermənilərin ekoloji terror siyasətinə hələ də qiymət verməməsi ikili standartların təzahürüdür. Amma bütün hallarda bu məsələ dövlətin daim diqqət mərkəzindədir. Rusiya sülhməramlıların məsuliyyət zonasında olan ərazilərimizdə monitorinqin aparılmasının nəzərdə tutulması da bu prosesin tərkib hissəsidir. Dövlətimiz imkan verməyəcək ki, Qarabağın təbii sərvətləri ermənilər tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun. Azərbaycanın dövlət qurumlarının Qarabağda ekoloji vəziyyət və qızıl, dağ-mədən yataqları ilə bağlı monitorinqlərə başlayacağına dair xəbərlər Ermənistanı və Qarabağ separatçılarını ciddi təşvişə salıb. Onlar bu məsələni siyasiləşdirməyə çalışırlar. Guya Azərbaycanın Laçın dəhlizini bağladığını və digər cəfəng iddialar səsləndirirlər. Məqsəd isə beynəlxalq birliyi aldatmaqdır. Amma bütün bunların heç bir faydası yoxdur. İlk növbədə, ona görə ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Eyni zamanda, biz öz torpaqlarımıza getmək üçün heç kimdən icazə almamalıyıq. Problem var və bu problemi araşdırmaq üçün müvafiq qurumlar Qarabağda monitorinq aparacaqlar”, - deyə deputat vurğulayıb.

Siyasət 2022-12-08 19:15:00