×
A
A
A
Sazlamalar

Piylənmənin müalicəsi multidissiplinar yanaşma tələb edir

Bakı, 8 dekabr, AZƏRTAC

Piylənmə bütün dünyada böyük sürətlə yayılan qeyri-infeksion xroniki xəstəlikdir. Piylənmənin ağırlaşmaları müxtəlif orqan və sistemlərin xroniki xəstəlikləridir. Piylənmə və artıq çəkini düzgün idarə etməni bacarsaq, daha sağlam cəmiyyətə nail ola bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Nutrisiologiya, Dietologiya və Piylənmənin profilaktikası Akademiyasının (ANDOP) həmtəsisçisi və təlimçisi Emil Hidayətli deyib.
Mütəxəssis bildirib ki, piylənmənin müalicəsi uğurla aparılarsa, digər xəstəliklərin sayı da azaldıla bilər: "Piylənmənin yaranması çox müxtəlif səbəblərdən asılıdır. Ona görə də onun müalicəsi multidissiplinar yanaşma tələb edir. Xəstənin həyat tərzi dəyişdirilir, fiziki aktivliyi artırılır, farmakoterapiya, yəni müəyyən preparatların qəbulu, cərrahi üsulları tətbiq edilir. Piylənmə sosial problemdir. Piylənmədən, artıq çəkidən əziyyət çəkənlərə cəmiyyət tərəfindən qınaq nümayiş etdirilməməlidir. Bu da piylənmənin idarə olunmasının, müalicənin ayrılmaz bir hissəsi olmalıdır. Bütün müalicə metodları həyat tərzi dəyişikliyi olmadan - sağlam qidalanma, aktivlik, normal yuxu rejimi, bioloji faktorların düzgün fəaliyyətinə şərait yaratmadan mümkün olmayacaq".

Səhiyyə 2022-12-08 18:31:00