×
A
A
A
Sazlamalar

“Qardaş yumruğu” regionda sabitliyə və təhlükəsizliyə xidmət edir

Bakı, 8 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan-Türkiyə birliyi özünün ən yüksək zirvəsindədir. İki dövlətin hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə hərbi təlimləri qardaşlığımızın sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim cənub sərhədləri boyu əraziləri əhatə edib. Təlimlər Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sənədlərə əsasən təşkil olunur. Ötən il imzalanmış Şuşa Bəyannaməsində də hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq mühüm yer tutur.
Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Dünyada elə bir dövlət yoxdur ki, Azərbaycanla Türkiyə qədər bir birinə yaxın olsun. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik. Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması bizim gücümüzü artıran əsas amillərdən biridir. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəkləyir və bundan sonra da belə olacaq. Öz torpaqlarının işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə daim Azərbaycanın yanında oldu, mənəvi və siyasi dəstək verdi. Reallıqlar onu göstərdi ki, qardaş Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında əsas faktorlardan biridir.
Budəfəki birgə hərbi təlimləri izləmək üçün Türkiyənin müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri, qardaş ölkənin “F-16” hərbi təyyarələrinin səmamızda dövr etməsi qürurvericidir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi təlim iştirakçılarına ünvanladıqları müraciətlər hərbçilərimizi daha da ruhlandırır, onlara əlavə mənəvi güc verir.
“Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri regionda sabitliyə və təhlükəsizliyə xidmət edir. O da nəzərə alınmalıdır ki, Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycanın bir-birinə hərbi dəstəyi öz əksini tapır. Bəyannamədə vurğulanır ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bu baxımdan, Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi dünyaya ünvanlanmış bir mesajdır. Yəni, Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü, şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarını daim qoruyacaq. Bunun üçün bütün zəruri addımlar atılacaq. Azərbaycan bütün qonşuları ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyir. Bununla belə, heç bir qüvvə dövlətimizi təhdid edə bilməz. Bəzi qonşular sərhədlərimizdə hərbi təlimlər keçirməklə bizi təhdid etməyə çalışdı. Amma İran kimi qonşular unutmamalıdır ki, bütün təhdidlərə qarşı Azərbaycan-Türkiyə birliyi var! Biz qardaş ölkələr olaraq davamlı şəkildə hərbi təlimlər keçiririk. Hərbi təlimlər hər iki ölkədə reallaşdırılır və bu təlimlər regionun təhlükəsizliyi üçün olduqca önəmli amildir. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar unutmamalıdır ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Prezident İlham Əliyevin sərhədimizdə təxribatlar planlaşdıranlara, bizi qorxutmağa çalışanlara mesajı hər kəs üçün dərs olmalıdır. Unutmamalıdırlar ki, “qardaş yumruğu” daha təsirli və unudulmaz olacaq!”, - deyə Pərvin Kərimzadə vurğulayıb.

Siyasət 2022-12-08 18:19:00