Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunan növbəti musiqi axşamı
Bakı, 8 dekabr, AZƏRTAC
Görkəmli müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, unudulmaz müğənniyə həsr olunan növbəti konsert proqramı Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Konsertdən əvvəl T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova bildirib ki, gənc nəslin Şövkət xanımın repertuarına müraciət etməsinin məmnunluq doğurur: “Şövkət Ələkbərovanın yaradıcılığına nəzər yetirsək görərik ki, o daha çox vətənpərvər ruhlu mahnılar ifa edib. Çox xoşbəxtəm ki, bugünkü konsertdə həmin mahnılar yenidən ifa olunacaq”.
Gecədə Şövkət Ələkbərovanın ifasında “Şən Azərbaycan” mahnısının lent yazısı nümayiş olunub. Sonra Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin şagirdləri Ümidvar İsmayılov C.Cahangirovun “Cənnətim Qarabağ”, Kənan Sultanov isə T.Quliyevin “Azərbaycan” mahnılarını ifa ediblər.
Konsertdə tanınmış ifaçılar çıxış ediblər. Proqramda T.Quliyevin “İlk bahar”, “Axşam mahnısı”, “Gül oğlum”, “Sən mənimsən, mən sənin”, E.İbrahimovanın “Mən sənin yanına qışda gəlirdim”, T.Əhmədovun “Güldür məni”, E.Sabitoğlunun “Ağ çiçəyim”, “Dərələr”, “Azərbaycan”, H.Xanməmmədovun “Gözünə qurban”, R.Mirişlinin “Bir könül sındırmışam”, “Sənin vüqarın mənəm”, N.Qəmərlinskinin “Yavaş-yavaş”, C.Cahangirovun “Ana yurdum” və Qəmbər Hüseynlinin “Qoy dolanım başına mən” mahnıları səsləndirilib.
İfaçıları F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (musiqi rəhbəri Mahir Ordubadi) müşayiət edib.
Bütün çıxışlar alqışlarla qarşılanıb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir