×
A
A
A
Sazlamalar

Sanitariya-gigiyena qaydalarını pozan şəxslərlə bağlı protokol tərtib olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 5-6-da Bakı şəhəri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Nəsimi rayonunun Cavadxan küçəsi 54 ünvanında üç ağacın məhv edilməsi aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş Ş.Ələkbərova barəsində inzibati protokol tərtib olunub.
Xəzər rayonunda keçirilən tədbir zamanı Şüvəlan qəsəbəsindəki çöllük ərazidə “KamAZ” markalı avtomobildən tullantıların boşaldılması və qalaqlanması, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində sənaye, məişət və digər qarışıq tullantıların qalaqlanması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “KamAZ” markalı avtomobilin sürücüsü S.Süleymanov və Aşağı Güzdək bələdiyyəsinin sədri S.İmamverdiyev barəsində inzibati protokollar tərtib olunub.

Hadisə 2022-12-08 17:45:00