×
A
A
A
Sazlamalar

Allahşükür Paşazadə Patriarx Kirilli erməni kilsəsinin təxribatları barədə məlumatlandırdı

Moskva, 8 dekabr, AZƏRTAC

Təəssüf ki, hazırda erməni din xadimləri öncə birgə görüşlərimizdə əldə etdiyimiz razılaşmalara zidd olaraq Xankəndiyə gələrək kilsə kürsüsündən gəncləri yeni müharibələrə və revanşizmə təhrik edir.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın Patriarxı Kirillə görüşündə söyləyib.
Şeyxülislam A.Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Rus Pravoslav Kilsəsinin başçısına çatdırıb. Patriarx Kirill öz növbəsində onun salamlarını Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmasını xahiş edib.
Rus Pravoslav Kilsəsinin dini lideri oktyabrın 31-də Soçi şəhərində keçirilmiş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları üzrə qəbul olunmuş birgə Bəyanatda dini liderlər arasında dialoqun davam etdirilməsinin vacibliyinə toxunulmasını bu istiqamətdə indiyə qədər görülən birgə səylərə verilən yüksək siyasi qiymət kimi dəyərləndirib.
QMİ sədri Rusiya Pravoslav Kilsəsinə və şəxsən Patriarx Kirillə erməni kilsəsi ilə danışıqlar prosesində bölgəmizdə sülhün bərqərar olması naminə öz üzərinə götürdüyü vasitəçilik missiyasına görə minnətdarlıq ifadə edərək bildirib ki, məhz birgə səylərimiz sayəsində münaqişənin dini qarşıdurma müstəvisinə keçməsi kimi böyük təhlükənin qarşısı alınıb. Eyni zamanda, şeyxülislam Allahşükür Paşazadə hazırda erməni din xadimlərinin öncə birgə görüşlərdə əldə edilmiş razılaşmaların ziddinə, Xankəndinə gələrək kilsə kürsüsündən gəncləri yeni müharibələrə və revanşizmə təhrik etdiklərindən təəssüfləndiyini vurğulayıb.
Bundan əlavə, bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə guya ki, erməni mədəni-mənəvi irsinə qarşı vandalizm aktlarının törədildiyi barədə Eçmiədzin tərəfindən yalan və böhtan xarakterli məlumatlar yayılır.
Patriarx Kirillin müvafiq müraciətinə əsasən QMİ sədri Allahşükür Paşazadə və səfir Polad Bülbüloğlu ona Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan vəziyyət, dağıdılmış və təhqirə məruz qalmış mədəni və dini abidələrimiz, o cümlədən xristian məbədlərinin – qədim Alban və Pravoslav kilsələrinin qriqorianlaşdırma faktları, habelə 2020-ci il 10 noyabr Bəyanatından sonra diversiyalar törətmək məqsədilə bölgəyə döndərilmiş erməni ekstremist qruplaşma və torpaqlarımızda yerləşdirilmiş minalarla bağlı durum haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən yenidənqurma işləri ilə bərabər, mənsubiyyətindən asılı olmayaraq, bərpaya ehtiyacı olan dini və mədəni abidələrə xüsusi qayğı göstərilir.
Görüşdə, həmçinin Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin növbəti görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Şeyxülislam Allahşükür Paşazadə xüsusi olaraq erməni kilsəsini beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmağı və 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatın müddəalarına uyğun olaraq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verməyə çağırıb.
Görüşdə QMİ-nin timsalında Azərbaycanın dini lideri şeyxülislam Allahşükür Paşazadənin və Rus Pravoslav Kilsəsinin timsalında Patriarx Kirillin ikitərəfli görüşlərinin səmərəli şəkildə davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, Eçmiədzinin timsalında erməni katolikosu ilə üçtərəfli görüş formatının saxlanılması və gələcəkdə yeni üçtərəfli görüşün təşkili üçün müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Din 2022-12-08 16:10:00