×
A
A
A
Sazlamalar

Xəzər dənizinin Azərbaycan sektorunda aşkarlanan ölü suitilərdən nümunələr götürülüb

Bakı, 8 dekabr, AZƏRTAC

Xəzərin Azərbaycan sektorunda aşkarlanan suitilərin tələf olma səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən leşlərdən nümunələr götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Xidmət rəisi Firuddin Əliyev bildirib ki, mütəxəssislər tərəfindən suiti leşlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.
Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi tələf olma halı aşkarlanmışdı. Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti leşləri aşkar olunub.

Ekologiya 2022-12-08 16:21:00