×
A
A
A
Sazlamalar

Düzgün aqrotexniki qulluq yüksək məhsuldarlığa nail olmağın əsas şərtidir

Bakı, 8 dekabr, AZƏRTAC

Ölkəmizdə payız əkini yekunlaşmaq üzrədir. Torpaqdan bol məhsul götürmək üçün ona vaxtında və düzgün aqrotexniki qulluq etmək lazımdır.
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva AZƏRTAC-a bildirib ki, yüksək məhsul alınmasında əsas amillərdən biri torpağın münbitliyinin artırılması, şumun vaxtında və keyfiyyətlə aparılmasıdır. Bununla yanaşı, alaq otlarına qarşı mübarizənin vaxtında aparılması məhsuldarlığın aşağı düşməsinin qarşısını alır, yekun nəticədə fermer daha bol məhsul əldə edir.
Mədinə Əliyeva qeyd edib ki, düzgün toxum seçimi, gübrənin sahələrə normativlərə uyğun verilməsi vacib şərtlərdəndir. Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün növbəli əkin sisteminin tətbiqi, yüksək reproduksiyalı, yerli şəraitə uyğun toxumlardan istifadə, becərilmə zamanı aqrotexniki qulluq işlərinin düzgün yerinə yetirilməsi, suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi əsas şərtlərdir.
Assosiasiya sədri, həmçinin vurğulayıb ki, fermer və digər kəndli təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə, yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.

Kənd təsərrüfatı 2022-12-08 14:25:00