×
A
A
A
Sazlamalar

Bakıda və Gəncədə velosiped oğruları tutulublar

Bakı, 8 dekabr, AZƏRTAC

Paytaxtda polis əməkdaşları daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Səbail və Nərimanov rayonları ərazilərində evlərin qarşısından ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində Göygöl rayon sakini Natiq İsmayılov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş İslam Məmmədov saxlanılıblar.
Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər ərazisindəki evlərin birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov yaxalanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2022-12-08 13:30:00