×
A
A
A
Sazlamalar

Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı proqnozlaşdırılır

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycanda dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə havanın çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 0-4° şaxta olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 0-4° şaxta olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti olacaq.

Ekologiya 2022-12-08 12:44:00