×
A
A
A
Sazlamalar

Ekspert: “Qardaş yumruğu” bölgədə məkrli maraqları olan dövlətlərə yönəlib

Bakı, 8 dekabr, Leyla Qurbanova, AZƏRTAC

“Qardaş yumruğu” hərbi təliminin keçirildiyi dövr, tarixi, relyefi, coğrafi məkanı bəzi məsələlərə aydınlıq gətirməyə əsas verir. Yəni, sonuncu irimiqyaslı hərbi təlimin coğrafi arealına diqqət yetirsək görərik ki, Astara, İmişli, Cəbrayıl rayonları ərazisində keçirilməklə, həm İran, həm də Qarabağ bölgəsini əhatə edib. Belə qənaətə gəlmək olar ki, hərbi-siyasi məna kəsb edən təlim, həm son vaxtlar Azərbaycanla hərbi ritorika ilə danışan İrana, həmçinin Ermənistana, eyni zamanda, ümumilikdə bölgədə maraqları olan digər dost olmayan dövlətlərə yönəlib.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.
Qeyd edilib ki, təkcə 2022-ci ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin keçirdikləri birgə təlimlərin sayı 20 olub. Bu təlimlər təkcə ayrı-ayrı qoşun növlərində deyil, həm də irimiqyaslı ümumqoşun təlimləri səviyyəsində də həyata keçirilib.
Türkiyə və Azərbaycan hərbi strukturlarının əməkdaşlığının 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və fəaliyyəti sayəsində Türkiyə ilə imzalanan strateji tərəfdaşlığa dair əməkdaşlıq müqaviləsi əsasında formalaşdığını bildirən Ramil Məmmədli deyib ki, baza sənədi həmin müqavilə götürülərək bu ölkələrin hərbi strukturları arasında əsaslı, fundamental əməkdaşlıq formatı inkişaf etməyə başlayıb: “İnkişafın növbəti mərhələsi kimi 1997-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın sülhməramlı bölüyünün yaradılması, 1999-cu ildə həmin bölüyün əvvəlcə Kosovo, İraq, nəhayət Əfqanıstanda missiyada iştirak etməsini göstərmək olar. Sonrakı dövrlərdə, xüsusən 2000-ci ilin əvvəllərindən başlayaraq Azərbaycan Ordusu Türkiyə ilə yalnız müdavim, kursant mübadiləsi deyil, həmçinin xüsusi təyinatlı bölmələrin təlimlərinin hazırlanıb keçirilməsi, bütün qoşun növlərinin formalaşdırılması istiqamətində bir sıra məsələlərdə əməkdaşlıq həyata keçiriblər. Ötən dövrdə bu əməkdaşlıq daha da inkişaf etməyə başlayıb, nəhayət, 2014-cü ildən başlayaraq isə birgə təlimlərin sayı artaraq genişmiqyaslı və digər qoşun növləri üzrə təlimlər həyata keçirilməyə başlayıb. Bunların arasında ən yaddaqalanlardan biri olan “TurAz Qartalı-2022” təliminin adını çəkə bilərəm. Ümumiyyətlə, reallaşan bu təlimlər iki ordu arasında əməkdaşlığın və həmçinin inteqrasiyanın formalaşmasına gətirib çıxarıb. Hər iki ordu təcrübə mübadiləsi həyata keçirib, birgə əməliyyatlarda fəaliyyət göstərmək istiqamətində bacarıqlarını təkmilləşdiriblər. 2020-ci ildə də Türkiyənin mənəvi cəhətdən Azərbaycan Ordusunu dəstəkləməsi, ardınca Şuşa Bəyannaməsinin imzalanması artıq iki ölkə arasında hərbi kontekstdə əlaqələrin daha da dərinləşməsinə səbəb olub”.
R.Məmmədov deyib ki, Türkiyə birmənalı olaraq Azərbaycanla hərbi sahədə əməkdaşlığı dərinləşdirməklə yanaşı, həmçinin Azərbaycana təhlükə yaradan ölkələrə, məsələlərə qarşı birgə fəaliyyətə hazırdır və “Qardaş yumruğu” hərbi təlim də onun göstəricisidir.
“Vahid ordu formatı da Azərbaycan və Türkiyəyə məxsus bir məsələ, türk dövlətləri birliyində flaqman hadisədir. Bu da digər türk dövlətlərini də bu məsələdə stimullaşdırır. Düşünürəm ki, gələcəkdə digər dövlətlər də bu məsələdə aktiv fəaliyyət göstərəcəklər. Sülhməramlı, yaxud digər formatda olacaq vahid türk ordusunun yaradılmasında ölkələrin ciddi siyasi iradə nümayiş etdirmələrinə ehtiyac var. Azərbaycan bu məsələdə əsas yeri tutur, Türkiyə, həm də Xəzərin o tayında türk dövlətləri arasında təkcə siyasi deyil, hərbi qurumların əməkdaşlığı formatında da əsaslı körpülərdən biridir”, - deyə hərbi şərhçi əlavə edib.

Ordu 2022-12-08 08:22:00