×
A
A
A
Sazlamalar

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin oktyabrı

Bakı, 8 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 oktyabr. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ səfərindən qayıdarkən İstanbulda Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşdü. Mətbuata bəyanat verdi.

3 oktyabr. Respublikada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar televiziya və radio vasitəsilə çıxış etdi.
Respublikada fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşdü.
Dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına ölkədə yaranmış təhlükəli vəziyyətlə bağlı müraciət etdi.
4 oktyabr. Dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar milli televiziya və radio vasitəsilə xalqa müraciət etdi. Prezident Sarayı qarşısında toplaşmış vətəndaşların mitinqində çıxış etdi.
5 oktyabr. Azadlıq meydanında keçirilən Ümumrespublika həmrəylik mitinqində nitq söylədi.
8 oktyabr. Silahlı Qüvvələrin yaradılmasının üçüncü ildönümü münasibətilə keçirilən tədbirdə çıxış etdi.
9 oktyabr. “Fiqaro” qəzetinin müxbirinə müsahibə verdi.
10 oktyabr. Azərbaycanda oktyabrın əvvəllərində baş verən hadisələrlə əlaqədar Türkiyə jurnalistlərinə müsahibə verdi.
11 oktyabr. Pambıq yığımının gedişinə həsr olunmuş müşavirə keçirdi.
16 oktyabr. Əhalinin çörəklə təminatı sahəsində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı müşavirə keçirdi.
17 oktyabr. Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli yığıncaqda çıxış etdi.
18-19 oktyabr. Türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə iştirak etdi.
21-22 oktyabr. MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Moskvada səfərdə oldu.
23 oktyabr. Qiymətlərin sərbəstləşdirilməsi ilə bağlı müşavirə keçirdi.
24 oktyabr. ABŞ-ın Azərbaycandakı səfirini qəbul etdi.
25 oktyabr. BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səid ilə görüşdü.
26-27 oktyabr. Türkmənistanda səfərdə oldu.
30-31 oktyabr. Azərbaycana səfər etmiş BMT-nin Baş katibi Butros Butros-Qali ilə görüşlər keçirdi.

X X X

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra bir sıra xarici və yerli qüvvələr Azərbaycana qarşı yeni təxribatlara əl atdılar. 1994-cü il oktyabrın 4-də bəzi xarici dövlətlərin təhriki və maliyyə dəstəyi və ovaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərildi. Vəziyyətin son dərəcə təhlükəli məcraya yönəldiyini görən Heydər Əliyev televiziya ilə xalqa müraciət etdi, əhalini Azərbaycan dövlətçiliyini qorumağa çağırdı. Gecə vaxtı yüz minlərlə insan Prezident Sarayı qarşısındakı meydana toplaşdı, xalqın öz lideri ilə nümayiş etdirdiyi həmrəylik sayəsində dövlət çevrilişi cəhdinin qarşısını almaq mümkün oldu.

Sözsüz ki, 1994-cü ilin oktyabr hadisələri çox-çox əvvəl hazırlanmışdı və ilk növbədə, Azərbaycanın müstəqilliyinə, xalqın Ümummilli Liderinə qarşı yönəlmişdi. Heydər Əliyev ABŞ-da olarkən sentyabrın 29-da parlament sədrinin müavini Afiyəddin Cəlilovun və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsi dövlət çevrilişinə hazırlıq planının tərkib hissəsi idi. Həmin vaxt Nyu-Yorkda BMT-nin 49-cu sessiyasında iştirak edən Ulu Öndər hadisə ilə əlaqədar bəyanat verərək bu terror aktını son vaxtlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş cəhdlərin yeni dalğası kimi xarakterizə etdi. ABŞ səfərindən qayıdarkən İstanbulda Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşdən sonra mətbuata bəyanat verən Heydər Əliyev dedi: “Azərbaycanda baş verən son hadisələr böyük, ağır cinayətlərdir. Bu, ayrıca bir şəxsin öldürülməsi, yaxud cinayətkarların təcridxanadan qaçması demək deyildir. Bu cinayətlər Azərbaycan Respublikasının müstəqilliyinə qarşı təcavüzdür, ölkənin daxilində sabitliyi pozmağa yönəldilmiş əməllərdir. Bütün bunlar həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda ölkəmizə düşmən olan qüvvələrin birgə fəaliyyətinin nəticəsidir. Bir daha qeyd edirəm ki, onların məqsədi Azərbaycanın müstəqilliyinə son qoymaqdır”.
Oktyabrın 2-də Heydər Əliyev Bakıya qayıdanda respublikada hadisələr kritik həddə çatmışdı. Xətai rayonunun prokuroru Mahir Cavadov qardaşı Rövşən Cavadovun komandanlığı altında olan Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup silahlısı ilə Respublika Prokurorluğuna basqın etməsi vəziyyəti daha da gərginləşdirmişdi.
Oktyabrın 4-də Heydər Əliyev dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək birbaşa xaricdən yönəldilən qüvvələrin silahlı qiyam yolu ilə dövlət çevrilişinə cəhd göstərdiklərini bəyan etdi, onları ölkənin müstəqillik və suverenliyini qorumaq, zorakılıq və irticanın qalib gəlməsinə yol verməmək naminə bütün imkanlardan istifadə etməyə çağırdı.
Görkəmli siyasi xadim bu mürəkkəb və ağır vəziyyətdən çıxış yolunu xalqın dəstəyində görürdü. Odur ki, oktyabrın 4-də axşamdan xeyli keçmiş xalqa müraciət etdi. Ulu Öndərin müraciətinə cavab olaraq gecəyarısı yüz mindən çox insan Prezident Sarayının qarşısına toplaşdı. Oktyabrın 5-də isə Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi Ümumrespublika mitinqi keçirildi.
Beləliklə, ölkədə qiyam və çevriliş yolu ilə hakimiyyətə gəlmək cəhdinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyevin dövlətçiliyi müdafiə etmək üçün göstərdiyi qətiyyət və cəsarət dünya miqyasında təqdir edilir, Azərbaycan dövləti ilə həmrəylik ifadə olunurdu. Xarici ölkələrin Bakıdakı səfirlərinin də qatıldığı izdihamlı mitinqdə çıxış edən Heydər Əliyev bu barədə belə demişdi: “Azərbaycanda baş verən bu hadisələr bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Dünyanın bütün informasiya orqanları son günlər Bakıdakı vəziyyət və hadisələrlə əlaqədar məlumatlar verirlər. Eyni zamanda, dünya dövlətləri Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildirirlər. Bu gün burada bizim sıralarımızda xarici ölkələrin Bakıdakı səfirləri də vardır. Onlar da bizimlə birlikdə buraya gəliblər. Ona görə də xarici ölkələrin Azərbaycandakı səfirlərinə, diplomatlarının hamısına təşəkkürümü bildirirəm, onları salamlayıram. Bu ağır gündə bizimlə bir yerdə olduqlarına görə minnətdarlığımı bildirirəm”.
Dahi rəhbər Türkiyə ilə əməkdaşlığı genişləndirməklə yanaşı, ümumtürk əlaqələrinin möhkəmlənməsi üçün də ardıcıl səylər göstərirdi. 1994-cü ilin oktyabrında türkdilli dövlət başçılarının İstanbul şəhərində keçirilən II Zirvə toplantısında söylədiyi fikirlər bu gün də aktuallığını saxlayır: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə saxlayır. İndi isə, xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz bu tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Ulu Öndərin 28 il əvvəl söylədiyi bu fikirlər artıq real həyatda öz təsdiqini tapıb. Türk Dövlətləri Təşkilatının yaranması, türk xalqlarının gündən-günə möhkəmlənən birlik və həmrəyliyi bunun əyani təzahürüdür.

Siyasət 2022-12-08 09:00:00