×
A
A
A
Sazlamalar

Avstraliyada ştat parlamentinə seçkilərdə soydaşlarımız fəal iştirak edəcəklər

Kanberra, 7 dekabr, AZƏRTAC

Sidney şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinin Avstraliyanın Yeni Cənub Uels ştatı parlamentinin üzvləri ilə görüşündə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bu barədə AZƏRTAC-ın region ölkələri üzrə xüsusi müxbirinə Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mikayıl Oyta məlumat verib.
AAA rəhbəri bildirib ki, görüşdə ştat parlamentində Leyboristlər Partiyasını təmsil edən deputat Stiven Kamper, deputat Marcori Spuner O’Nil və Yeni Cənub Uels ştatının Bondi Ticarət Palatasının prezidenti Emmanuel Konstantinou iştirak ediblər.
Görüş zamanı Sidney şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazda sülhsevər və normallaşma münasibətlərinin bərqərar olması naminə ciddi səylər göstərir. Ölkəmiz dünyəvi, multikultural və tolerantlıq dəyərlərinə sadiqdir. Deputatlara 2020-ci ildə Ermənistanın işğalından azad edilmiş Qarabağ iqtisadi rayonunda aparılan böyük bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verilib.
Həmçinin 2023-cü ildə ştat parlamentinə keçiriləcək seçkilərdə soydaşlarımızın fəal iştirakı və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2022-12-07 19:28:00