Azərbaycan Aİ-yə enerji sahəsində dəstək göstərməsi üçün layihələr verib
Bakı, 7 dekabr, AZƏRTAC
Energetika Nazirliyində Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji əməkdaşlığı, İqtisadi və İnvestisiya Planı çərçivəsində Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya cəlbinə dair müzakirələr aparılıb.
Aİ ilə bu il iyulun 18-də imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının prioritet layihələrin müəyyənləşdirilməsi üçün platforma olduğu qeyd edilib. “Yaşıl enerji”nin və “yaşıl” hidrogenin istehsalı - ixracı, enerji səmərəliliyi, metan emissiyalarının azaldılmasının hər iki sənəddə əksini tapdığı və bu istiqamətlərdə fəaliyyətin həyata keçirilməsinə maliyyə dəstəyinin vacibliyi vurğulanıb.
Görüşdə beynəlxalq enerji şirkətləri ilə reallaşdırılan bərpa olunan enerji layihələri, istehsal ediləcək “yaşıl enerji”nin nəqli məqsədilə planlaşdırılan ixrac marşrutları, ərazilərin xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi inkişafına nail olmaq, 2050-ci ildə istixana qazı emissiyalarını 40 faiz azaltmaq məqsədilə həyata keçirilən tədbirlər və planlar, enerji səmərəliliyi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bu kontekstdə Aİ-nin maliyyə dəstəyinin zəruri hesab edildiyi konkret layihələr təklif olunub. Xüsusilə, Qara dəniz sualtı elektrik xətti, “yaşıl” hidrogen layihələri, azad edilmiş ərazilərdə evlərin damına günəş panellərinin və istilik təchizatının qurulması, binalarda enerji səmərəliliyi ilə bağlı maliyyə və texniki dəstək xarakterli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir