×
A
A
A
Sazlamalar

Hər il ÜST-nin Avropa regionunun əhalisinin ümumi ömrü 49 milyon il qısalır

Bakı, 7 dekabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun dərc etdiyi yeni məruzəyə görə, 394 milyon nəfər - əhalinin təqribən yarısı Avropa regionunda xəstəliklərlə yaşayır. Bu insanların reabilitasiya yardımına ehtiyacları var, lakin onların əksəriyyəti zəruri dəstək ala bilmir.
AZƏRTAC həmin məruzəyə istinadla xəbər verir ki, əhalinin sürətlə qocalması, xroniki xəstəliklərdən əziyyət çəkən insanların sayının xeyli artması, reabilitasiyanın üstünlükləri barədə kifayət qədər məlumatsızlıq – bu və digər amillər ona gətirib çıxarır ki, Avropanın və Mərkəzi Asiyanın milyonlarla sakini onlara lazım olan köməyi almır.
İnsanların həyat keyfiyyətinin pisləşməsi yaşlanma, xəstəlik və ya travmalarla əlaqədar ola bilər. Reabilitasiya bu insanlara onların gündəlik həyat fəaliyyətində dəstək göstərmək imkanı verir. Məruzəyə əsasən, bu xidmətlərə ehtiyacı olan insanların əksəriyyəti onlara lazım olan köməyi almır, nəticədə hər il ÜST-nin Avropa bürosuna daxil olan ölkələrin əhalisinin ümumi ömrü 49 milyon il qısalır.
Reabilitasiyaya əlçatanlıq üçün əsas maneələrdən biri reabilitasiya haqqında, onun necə işləməsi və üstünlükləri barədə məlumatlılığın az olmasıdır.
ÜST-nin Avropa regionunun bəzi yerlərində insanlara reabilitasiya köməyini almalarına maneçilik törədən amillərdən biri də reabilitasiya üzrə mütəxəssislərin kəskin çatışmazlığıdır.
Bütövlükdə, reabilitasiya xidmətlərinə tələbatın artmasına səbəb olan ən çox yayılmış xəstəliklərin və travmaların siyahısına bel ağrısı, sınıqlar, eşitmə və görmə qabiliyyətinin itirilməsi, eləcə də insult və demensiya aiddir. Çünki sağlamlığın bu pozuntuları insanların həyatına, o cümlədən onların işləmək qabiliyyətinə mənfi təsir göstərir, iqtisadiyyat iş məhsuldarlığının, yoxsulluğun və işsizliyin səviyyəsinin aşağı düşməsi ilə bağlı milyonlarla dollar itirir.
Məruzədə reabilitasiya xidmətlərinin mühümlüyünə diqqət çəkən uzunsürən COVID-19 problemindən də söhbət açılır. İndi ölkələr bu xəstəliyin ciddiliyinin fərqindədirlər.
ÜST-nin Avropa Regional bürosu ölkələri reabilitasiyaya ciddi diqqət yetirməyə və onu səhiyyənin milyonlarla insanın, o cümlədən fövqəladə vəziyyət şəraitində olan insanların ehtiyac duyduğu əsas xidmətlərdən biri kimi irəli çəkməyə çağırır.

Səhiyyə 2022-12-07 15:49:00