×
A
A
A
Sazlamalar

İslam Manafov: Hələ uşaqlıqdan Ulu Öndərin hər kəsdən fərqli insan olduğunu bilirdim

İstanbul, 6 dekabr, AZƏRTAC
Böyük insan Heydər Əliyev əsl sənət və sənətçi aşiqi idi. Uşaqlıqdan xatırlayıram... 1969-cu ilin bir yay axşamı idi və o vaxtın sayılıb seçilən şəxslərindən biri olan atamın müxtəlif sahələrdə xidmət edən dostları hər zaman olduğu kimi, yenə də bizim bağa yığışmışdılar. Onların söhbətinə doymaq olmurdu. Bu dəfə söhbət ölkəmizdəki dəyişiklikdən gedirdi. Orada ilk dəfə Heydər Əliyevin adını eşitdim. O zaman Ulu Öndərimizin inanılmaz dahi şəxsiyyət, əzmi, biliyi, iradəsi ilə hər kəsdən fərqli olduğunu öyrəndim. Söhbət Ümummilli Liderin Mərkəzi Komitənin birinci katibi seçilməsindən gedirdi. İnsanlar bundan sonra ölkəmizin inanılmaz dərəcədə böyük addımlarla irəliləyəcəyindən əmin idilər. Onlar Heydər Əliyevin hakimiyyətə gəlməsini Azərbaycan üçün böyük şans olaraq görürdülər.
Təbii ki, o zaman uşaq idim, bu sözlərin kimdən getdiyini anlamırdım, lakin illər boyu yadımdan çıxmadı. O dahi şəxsiyyəti görmək mənim üçün əlçatmaz idi. Amma tale elə gətirdi ki, təqribən 19-20 yaşımda o dahi şəxsiyyətlə üz-üzə gəldim. O zamanlar musiqi məktəbində oxuyur, piano çalırdım və müvəffəqiyyətlərim ard-arda gəlirdi. Bir neçə müsabiqədə qələbəm və konsert salonunda çıxışlarım da oldu. O vaxtlar artıq ölkəmizdə sənətə və sənətkara verilən dəyər yüksək səviyyədə idi, mədəniyyət xadimlərimiz diqqət mərkəzində saxlanılırdı. Bu, insana güvən hissi verirdi və mən böyük pianoçu olmağı arzulayırdım.
Bu sözləri ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini AZƏRTAC-la bölüşən Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov deyib.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olduğu illəri xatırlayan pianoçu sözlərinə belə davam edib: “Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1981-ci ildə azərbaycanlı gənclərin böyük qismi keçmiş Sovet İttifaqının müxtəlif ali məktəblərində təhsil almaq üçün müsabiqədənkənar oraya göndərilməyə başladılar. Lakin mən ümumi əsaslarla imtahanları uğurla verərək Moskva Dövlət Konservatoriyasına daxil oldum. O zaman Moskva Konservatoriyası ümumi əsaslarla tələbə qəbulu sisteminə daxil deyildi.
Bundan bir il sonra Heydər Əliyevin Siyasi Büronun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini seçildiyini eşitdik. Sevincimizin həddi-hüdudu yox idi. Bir azərbaycanlının həqiqətən də öz istedadı və əzmi ilə SSRİ hakimiyyətinin ən yüksək zirvəsinə ucala bilməsi hər birimiz üçün qürurverici idi. Biz bunu təkcə Heydər Əliyevin deyil, bütün Azərbaycan xalqının böyük uğuru olaraq görürdük. Bu hadisədən təxminən iki-üç ay sonra Kreml sarayının Sütunlu salonunda maestro Niyazinin 70 illik yubileyi keçiriləcəkdi.
Bir musiqiçi olaraq bizi də bu tədbirə dəvət etdilər. Gözləmədiyimiz anda Heydər Əliyevin Siyasi Büronun üzvləri ilə birlikdə zala girdiyini gördük. Ulu Öndərimizin hər əsərdən sonrakı sevinc və alqışlarını sizə təsvir edə bilmirəm. Konsertdən sonra Heydər Əliyev səhnə arxasına keçərək maestro Niyazini böyük sevinclə qucaqlayaraq səmimiyyətlə təbrik etdi. Bunu görməyə dəyərdi. O zaman uşaqlığımdan daim qulağımda olan bir məqamı - Heydər Əliyevin xalq arasında niyə bu qədər sevildiyini anladım. Sadə və səmimi insan idi. Onun sənətə və sənətkara verdiyi qiymət inanılmaz dərəcədə böyük idi”.
“Zuğulbada 1996-cı ildə Azərbaycanlı Gənc Sənətçilərin Festivalı keçirilirdi. Orada mən “İlin ən fəal sənətçisi” mükafatına layiq görüldüm. Festivalın finalında mənə konsert proqramı ilə çıxış etmək təklif olundu və tədbirdən bir neçə gen sonra Heydər Əliyevin məni dinləmək istədiyini eşitdim. Bununla bağlı konsert proqramı da təşkil olunacaqdı. Lakin müəyyən səbəblərdən bu tədbir təxirə salındı...”, - deyə əməkdar artist bildirib.
1997-ci ildə Bakıda keçirilən Gürcüstan Mədəniyyət Ongünlüyündə çıxış etdiyini və orada ümummilli lider Heydər Əliyevin də dinləyicilər arasında olduğunu xatırladan İslam Manafov deyib: “Çıxışımdan sonra Ulu Öndərimiz Heydər Əliyev Polad Bülbüloğlundan mənimlə bağlı məlumat alıb və ifamı bəyənərək mənə lazımi bütün köməyin göstərilməsi ilə bağlı tapşırıq verdi. Sonralar müxtəlif ölkələrdən Azərbaycana səfər edən dövlət başçılarının şərəfinə konsertlər verilirdi. Mən bu konsertlərin hər birində çıxış edirdim”.
“Heydər Əliyev böyük siyasi xadim olmaqla yanaşı, həm də hər sahə üzrə geniş biliklərə sahib bir insan idi. O, təkcə Azərbaycan mədəniyyətinə deyil, bütün dünya incəsənətinə çox böyük dəyər verən şəxsiyyət olub. Konsertlərin birində Frederik Şopenin bir əsərini ifa etdim və ayağa qalxıb tamaşaçılara tərəf döndüyümdə artıq Heydər Əliyevin ayaq üstə alqışladığını gördüm. Bu alqışlar təkcə mənim ifama verilən dəyər deyildi, bu, həm də Şopenin həyatı və yaradıcılığından xəbərdar olan bir insanın və azərbaycanlı pianoçunun dahi bəstəkarın əsərini ifa etməsinə verilən qiymətin göstəricisi idi. Bu, mənim üçün ən böyük hədiyyə idi. Mən bir daha Heydər Əliyevin böyüklüyünün şahidi oldum. Belə konsertlərdən sonra Ulu Öndərimiz özü şəxsən hər zaman səhnə arxasına keçir, sənətçiləri, o cümlədən əlimi sıxaraq məni təbrik edirdi.
Bütün bunları bir sözlə ifadə etsəm deməliyəm ki, Ulu Öndərimiz həyatının ən çətin dövrlərində belə ziyalılarımızın, sənətkarlarımızın, xüsusilə Azərbaycan mədəniyyətinin qorunub saxlanması üçün özünü sipər olaraq irəli verirdi. Maestro Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Tofiq Quliyev kimi neçə-neçə böyük sənətkarımıza qayğısının hər zaman şahidi olmuşuq. Bu da Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunun, sənətkara verdiyi böyük qiymətin ən gözəl təzahürü idi. Allah Ulu Öndərimizə rəhmət etsin, o daim ürəklərdə yaşayacaq əvəzolunmaz insan idi”, - deyə İslam Manafov bildirib.
Hazırda ümummilli lider Heydər Əliyevin Azərbaycanın sənət adamlarına göstərdiyi diqqət və qayğısının Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən eyni şəkildə, böyük uğurla davam etdirildiyini deyən maestro Azərbaycan sənətkarlarının daim diqqət mərkəzində olduğunu söyləyib.

Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Cəmiyyət 2022-12-06 20:13:00