×
A
A
A
Sazlamalar

Bakıda qastrolda olan özbək teatrı mükafatlandırılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Özbəkistanın Səmərqənd vilayətinin Kattaqorgon Şəhər Dram Teatrının yaradıcı heyətinin yolasalma mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə iştirak edən nazirliyin teatr sektorunun baş məsləhətçisi Emin Əliyev özbək teatrının direktoru Batır Tuqalova mədəniyyət naziri Anar Kərimovun imzaladığı fəxri fərmanı təqdim edib.
Kattaqorgon Şəhər Dram Teatrının yaradıcı heyəti adından teatrın direktoru Batır Tuqalov layihənin təşkilində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Bakıya bir həftəlik qastrol səfəri çərçivəsində özbək teatrı üç dəfə Akademik Musiqili Teatrın səhnəsində, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda “Qayınana” (M.Şamxalov) komediyasını uğurla təqdim edib.
Azərbaycan tamaşaçılarının rəğbətini qazanan kollektiv bir sıra mədəni və işgüzar görüşlərdə də iştirak edib.
Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verən bu layihə çərçivəsində özbək teatrının rəhbəri Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevi və teatrın quruluşçu rejissoru Əsgər Əsgərovu da xatirə hədiyyəsi ilə mükafatlandırıb.
Səfərdən məmnun olduqlarını vurğulayan qonaqlar bu gün Özbəkistana qayıdıblar.

 

Mədəniyyət 2022-12-06 18:57:00